Ermənistan parlamentinin müxalifətdən olan vitse-prezidenti, “Müqavimət hərəkatı” adlı bir qurum yaradaraq, 25 apreldən bəri Ermənistanda, konkret olaraq İrəvanda Paşinyanın istefası tələbilə aksiyalar keçirən və heç nəyə nail olmayan İşxan Saqatelyan bugünkü mitinqdə “Xankəndi səfəri” haqda uca səslə danışıb.
İki gün öncə Xankəndiyə getdiyini bildirən Saqatelyan iki aydır apardıqları “mübarizənin” Xankəndidə məskunlaşan ermənilərə “yeni güc” verməsindən bəhs edib. Deyib ki, 44 günlük savaşdan sonra Qarabağa vaxtaşırı olaraq səfərlər edir (?), ancaq son səfərində Qarabağdakı ermənilər arasında tam ayrı ab-hava görüb.
“Artıq Qarabağda da müqavimət ocaqlarının formalaşdığını deyə bilərik. Qarabağ xalqı öz torpaqlarının sahibidir və Azərbaycanın nəzarətinə keçməyi qəbul etməyəcək. Qarabağda Müqavimət Hərəkatının əlaqələndirmə şuralarının yaradılması ilə bağlı siyasi qüvvələrlə razılıq əldə olunub”, – Saqatelyan bildirib.
Bu, Saqatelyanın Xankəndiyə gəlişinin mahiyyətini, məramını, məqsədini açıq-aydın ortaya qoyur: Saqatelyan açıq şəkildə elan edir ki, Qarabağda əsas hədəfi “müqavimət ocağı” – toqquşma, yeni qan, savaş üçün zəmin hazırlamaq olub, “siyasi qüvvələrlə görüşüb”, razılaşma əldə edib.
Bu, 21-23 iyunda Saqatelyanın başının dəstəsi ilə – yəni daşnakçılarla Xankəndiyə səfəri haqda verdiyi məlumatdır, həm də mitinqdə!
İndisə maraqlıdır: Saqatelyanı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizcəsinə, rəsmi Bakıdan icazə almadan Xankəndiyə kim buraxıb?
Əlbəttə ki, Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingenti.
Bu sülhməramlılar erməni rəsmilərinin, həmçinin deputatlarının Azərbaycana qanunsuz səfərinə yaradılan şəraitə görə kəskin qınanmışdı. Rəsmi Bakı bir neçə dəfə bu cür qanunsuzluğa etirazını bildirmiş və Rusiya sülhməramlılarından öz missiyalarını layiqincə yerinə yetirməsini tələb etmişdi. Nəticə olmamışdımı?
Olmuşdu! Hətta bir müddət öncə Ermənistan parlamentindəki hakim fraksiyanın 10-dan çox deputatı Laçın dəhlizindən keçməklə Xankəndiyə gəlməyə cəhd etmişdilər, ancaq rus sülhməramlıları icazə verməmişdi. İndi necə olur ki, hakim partiya deputatlarını buraxmayan Rusiya sülhməramlıları Daşnaksütyun Partiyasının ali orqanının təmsilçisini, Ermənistan parlamentinin vitse-spikerini digər daşnaklar, revanşistlər, qisasçılar dəstəsilə birgə Xankəndiyə buraxır? Saqatelyanın 2 gün ərzində kimlərlə görüşəcəyi, hansı danışıqlar aparacağı, yeni münaqişə ocağı yaranması üçün necə fəaliyyət göstərəcəyi və nifaqın cücərməsi üçün özü ilə nələrsə gətirdiyini rus sülhməramlı kontingenti bilmirdimi?
Çox gözəl bilirdi!
Bəs, Rusiya Müdafiə Nazirliyi hansı əsasla Saqatelyan və dəstəsini Xankəndiyə buraxır və onun burda separatçı tör-töküntüləri ilə görüşməsinə şərait yaradır?
Həm də Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfəri ərəfəsində və səfər günlərində; həm də Rusiya ilə Azərbaycan arasında informasiya təhlükəsizliyi ilə bağlı yeni saziş imzalanan dəqiqələrdə; həm də 22 fevral 2022-ci il Müttəfiqlik sazişinə sadiqlik bir daha təqdiqləndiyi gündə; həm də Lavrovun Bakıda sülh sazişinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına hər cür yardımı göstərməyə hazır olduqlarını bildirdiyi anda…
Lavrovun Bakı səfəri ərəfəsində revanşist Xankəndiyə gəlir, yeni “münaqişə ocaqlarını” körükləyir, Xankəndidəki bir ovuc ermənini yenə qızışdırır və onların azərbaycanlılarla dinc, yanaşı yaşamasına imkan vermir, Ermənistan ordusu Laçını atəşə tutur, Azərbaycan Ordusunun mövqelərinə güllə yağdırır, Ermənistan rəhbərliyi isə Minsk Qrupunun dirildilməsi üçün danışıqları gücləndirir, Qarabağdakı erməni “maddi-mədəni abidələri”nin guya qorunmadığından narahatlığını avropalılara çatdırır və s.
Sanki Ermənistan rəsmi dairələri, ordusu və müxalifətinə, revanşistlərə eyni anda göstəriş verilib: mümkün olduqca təxribat törətmək, Xankəndidə yeni etiraz yaratmaq, sülh danışıqlarına mane olmaq üçün hər şey edilməlidir.
Və bunların “cəmi” Lavrovun səfəri günü öz zirvəsinə çatır.
Azərbaycan Qarabağı minalardan təmizlədikcə, rus sülhməramlıları erməni separatçılarının əli ilə Xankəndidəki ermənilərin ürəyinə minalar yerləşdirir: bir azdan bir-bir partladacaq və bu partlayışlarda ermənilərin ürəyinin partlayacağı və qırılacağı rusları və revanşistləri qəti maraqlandırmır…
Yeri gəlmişkən: Azərbaycan XİN Saqatelyanın qanunsuz səfərinə görə niyə bəyanat verib, öz etirazını bildirmədi?