Sülhməramlıların çıxarılması: Ərdoğanın Putinə mesajı…

Sülhməramlıların çıxarılması: Ərdoğanın Putinə mesajı…

Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlamasında iki önəmli məqam diqqət çəkir:

– 10 noyabr razılaşmasında sülhməramlıların missiyasının bitmə vaxtı 2025-ci il göstərilsə də, bundan nadir hallarda bəhs olunurdu: Türkiyə prezidenti ilk dəfə bu qədər açıq və konkret şəkildə bildirdi;

– bunu NATO sammitində – Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan etməsi təsadüfi deyil və istisna deyil ki, məkan və verilən sual da xüsusi olaraq seçilib;

Ərdoğanın açıqlaması suala cavabdan daha çox, Moskvaya ünvanlanmış mesaj olaraq qəbul edilə bilər: Türkiyə zamanı çatanda sülhməramlıların bölgədən çıxmasını istəyir və Rusiyanın razılaşmaya əməl edəcəyinə inanır;

Türkiyə prezidenti bununla Azərbaycanın sözünü/tələbini dilə gətirir və belə görünür ki, rəsmi Bakı bu tələbi Moskva qarşısında qaldırmamışdan öncə Ərdoğanın mesajı ilə mövqeyini gücləndirir. Əslində Azərbaycanın 2025-ci ildə 10 noyabr razılaşmasına əsasən sülhməramlıların çıxarılması mövqeyindən çıxış edəcəyi məlumdur. Bu baxımdan, əsas diqqətçəkən məqamlardan biri bu məsələnin niyə indi gündəmə gətirilməsidir.

Bu, yaxın dövrdə Bakının Qarabağ iqtisadi rayonu ilə bağlı atacağı addımlardan qaynaqlana bilər:

– Erməni əhalisinin ərzaq və digər təminatının Bakıdan təmin edilməsi və reinteqrasiyanın sürətləndirilməsi;

– Ermənistan qoşunlarının çıxarılması, bölgənin silahsızlaşdırılması və separatçıların taleyinin həll edilməsi;

Mümkün addımlardan öncə Rusiyaya “bölgədə qalma müddətiniz bəllidir, buna görə proseslərə müdaxilə etməyin” mesajı verilir.

2025-ci ildə Rusiyanı Qarabağdan çıxarmaq mümkün olacaqmı?

Məsələnin praktiki tərəfi bu sualı ön plana çıxarır və mövcud şərtlərdə mümkünlüyü ehtimalı daha çox görünür.

Birincisi, geosiyasi müstəvidə Türkiyə, regional müstəvidə Türkiyə-Azərbaycan ikilisinin önəminin Rusiya üçün artdığını nəzərə alsaq, 2025-ci ildə Bakı sülhməramlıların qalma müddəasına xitam verilməsini gündəmə gətirəndə Moskvanın qəbul etməsi mümkündür, xüsusilə Ankara faktoru rusların əl-qolunu bağlaya bilər: məsələni ilk dəfə açıq şəkildə Ərdoğanın dilə gətirməsi də buna hesablanıb;

İkincisi, Rusiya Qarabağdan bölgədəki maraqlarını təmin etmək, Bakı və İrəvanı özünə möhtac etmək üçün istifadə edir, lakin indi şərtlər dəyişib:

– Ermənistanın Qarabağdan imtina etməsi bu kartın effektivliyini və perspektivini zəiflədir;

– ruslar da anlayır ki, Qarabağda uzunmüddətli qala bilməyəcəklər, yaxud qalmaları regiondakı təsirlərinin güclənməsi ilə nəticələnməyəcək, əksinə, bu, Bakı-Ankara ikilisi ilə problemlər vəd edir;

– Moskvaya bölgədə uzun müddət qala bilmək, həm də regionda marağı olan oyunçular qarşısında əlini gücləndirə biləcək rıçaq lazımdır, bu, təhlükəsizliyini rus hərbçilərinin təmin edəcəyi Zəngəzur dəhlizi ola bilər;

– və bununla regional kommunikasiyalarda, o cümldən, Avrasiyanın bu kommunikasiyalara birləşəcək nəqliyyat xətlərində paya sahib olacaq;

Bakı və Ankara Moskvanı bu yolla Qarabağdan çıxara bilər.

Teqlər: