Sülhməramlılar Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin edib.
10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyən qədər şərait yaradılması razılığı olub, lakin bu, daha çox humanitar məqsədli səfərlərə aiddir. Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır.
İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndidə təbliğat kampaniyası aparan namizədləri də var idi.
Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir.
İstisna deyil ki, 14 ölkənin arasında İranın da adı var.