Sülhməramlılar niyə aqressivdir? – Sensasion detal

Sülhməramlılar niyə aqressivdir? – Sensasion detal

“Ekoloji terrora son” şüarı altında Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallara qarşı rus sülhməramlıların aqressiv davranmasının bir sıra səbəbləri var.

AzerTimes xəbər verir ki, dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinqlərə başlamalı idi. Bununla bağlı dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Xocalıda müzakirələr aparılmışdı və qərar qəbul edilmişdi.

Başqa sözlə desək, rus sülhməramlı kontingentin komandanı Andrey Volkov bu təşəbbüsü dəstəklədiyini mediaya açıqlamasında da bildirmişdi. Ancaq 10 dekabrda Azərbaycanın mütəxəssislərdən ibarət heyətinin qarşısına “erməni icmasının” nümayəndələri və Rusiyadan Qarabağa göndərilən erməni milyarder Ruben Vardanyan çıxarıldı.

“Erməni icması” nümayəndələrinin Azərbaycanın monitorinq qrupunun qarşısına Vardanyanın “çıxarması” təbiidir. Çünki Vardanyan məhz bu missiyanı həyata keçirmək üçün Qarabağa göndərilib. Əks halda Rusiyada geniş imkanlara malik milyarder hansı prinsiplə Qarabağa köçərdi?

Yada salaq ki, Vardanyanın artıq bu sahədə “təcrübəsi” də yaranıb. Xankəndidə keçirilən çoxminli aksiyaya Ermənistandan yüzlərlə insanın pul qarşılığında gətirilməsini məhz Vardanyan həyata keçirmişdi.

Vardanyanın Qarabağa gətirilməsi, Qarabağdakı erməni icmasına pul xərcləyərək, onları ələ alması düşünülmüş siyasətdir. Rusiyanın bəlli dairələri Vardanyan vasitəsilə erməni icmasını manipulyasiya edərək, öz məqsədlərini həyata keçirməyə çalışır. Məqsəd isə külli miqdarda vəsait əldə etməkdir.

Azərbaycanın Qarabağdakı qızıl yataqları da daxil olmaqla, təbii sərvətlərinin talanmasından Volkovun xüsusi pay aldığına dair səhih məlumatlar az öncə yayılmışdı. “Kalibr” üzə çıxartmışdı ki, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a kimi vaxt intervalında 8 “Kamaz” markalı avtomobil “Nissan Patrul” markalı yolsuzluq avtomobilinin (erməni qeydiyyat nömrəsi ilə 731 – AB – 61 ER) müşayiəti ilə hər gün Xankəndidən Ermənistana gedib. Noyabrın 16-18-də isə səhər saatlarında Ermənistandan Xankəndiyə Laçın yolu ilə həmin avtomobillərin hərəkəti qeyd edilib. Onlar gecə vaxtı şəhəri tərk ediblər. Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq kəndi yaxınlığında, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır. Daşıma İsveçrədə yerləşən “Vallex Group”a daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də Ağdərdə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Bunu hələ 2016-cı ildə Azərbaycan XİN-i “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd etmişdi. Şirkətin Xankəndidə ofisi var. “Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Valeri Mejlumyandır, maliyyə investoru İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsindəki ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir. Əsas metalların icraçı direktoru Artur Mkrtumyandır, o, Lori vilayətinin Alaverdi şəhərində yaşayır. Göz qabağındadır ki, Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talanmasından, inanılmaz gəlirlər gətirməsindən (təkcə 2019-cu ildə ən böyük “vergi ödəyicisi” “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəyib) özünü “dövlət naziri” elan edən Ruben Vardanyan da faydalanır.

Qeyd olunurdu ki, Vardanyan artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərqərar edib və “Base Metals” sahiblərindən “atkat” alır. Təbii ki, Qarabağdakı sülhməramlıların komandiri Volkov da burdan külli miqdarda pul əldə edir.

Azərbaycan yataqlarının talanmasından əldə edilən vəsaitin Rusiya MN-nin bəzi vəzifəlilərinə çatdırılması ehtimalı da olduqca yüksəkdir.

Beləliklə, aydın olur ki, Vardanyanın Qarabağa köçməsi biznes layihəsidir. Rus sülhməramlılar 2025-ci ildə bölgədən çıxmalı olacaqlarını yəqin bilirlər, Qarabağın Azərbaycan olduğunu isə Ermənistan da qəbul edib. Ancaq ənənəvi olaraq aralıq dövrdən sui-istifadə etmək və Azərbaycan yataqlarını talamaqla, milyardlar qazanmaq fürsəti Vardanyan-Volkovu və İrəvanla Moskvadakı bəlli dairələri birləşdirib.

Volkov azərbaycanlı mütəxəssislərlə görüşdə qanunlar qarşısında geri çəkilməyə məcbur olsa da, daha sonra ona cinayət ortaqları dirəniş göstərməyi məsləhət bildikləri ehtimalı mümkündür.

Ona görə rus sülhməramlıları mandatdan kənara çıxaraq, ən sərt tədbirlərlə azərbaycanlı mütəxəssislərin qanunsuz və cinayət yolu ilə qazanılan vəsaitin önünü kəsməsinə imkan verməməyə çalışır.

Prosesin hansı səviyyədə və nə qədər davam edəcəyi bəlli deyil. Bəlli olan odur ki, Vardanyanı Qarabağa göndərənlər də, Volkov da mümkün olduqca dirəniş göstərib, talamanı davam etdirməyə çalışacaqlar.

Burda əsas maraq külli miqdarda qanunsuz qazanc və bu qazancın bölüşdürüldüyü cinayətkar şəbəkədir.

Teqlər: