Sülhməramlılar ağır texnikanı çıxarmaqla… – Ekspert

Sülhməramlılar ağır texnikanı çıxarmaqla… – Ekspert

Aksiyanın ilk günü nümayişçiləri qorxutmaq üçün sülhməramlılar əraziyə pulemyot və ağır artilleriya gətirmişdilər. Ancaq beynəlxalq hüquqa görə onların Azərbaycan əhalisinə, sivil etirazçılara zor tətbiq etmək hüququ yoxdur.

Bu sözləri AzerTimes-a azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışan politoloq Turab Rzayev deyib.

Politoloq bildirib ki, sülhməramlılar ancaq tərəflərdən biri onlara atəş açdığı zaman həmin tərəfə qarşılıq verə bilər:

“Bu cavab isə onlara qarşı edilən hərəkətlərə adekvat olmalıdır. İndiki halda sülhməramlıların aksiya keçirilən ərazidən ağır texnika və pulemyotları çıxartması çox doğru qərar idi”.

Ekspert bildirib ki, Laçın dəhlizindən silah-sursat, texnika, İran agentləri, təxribatçı qruplar, terrorçular, strateji məhsullar keçir, Azərbaycanın qızıl, mis mədənləri, meşələri, suları talan olunur. Amma Azərbaycan buna müdaxilə edə bilmir. Aydın məsələdir ki, Azərbaycan tərəfi buna dözmək niyyətində deyil.

Politoloq sülhməramlılar arasında yerli və gəlmə erməni əsilli şəxslərin olmasıyla bağlı məlumatlara da toxunub:

“Sülhməramlıların daim üzübağlı gəzməsi də buna işarədir. Dünyanın heç bir yerində sülhməramlı üzünü bağlamır. Onlar öz formasında adı, soyadı, qan qrupu, rütbəsi olan, müsbət missiya yerinə yetirən açıq şəxslərdir. Ancaq rus sülhməramlıların maskalanması ciddi şübhə yaradır.

Sülhməramlıların rəhbəri Volkovun adı Suriyada terrorçularla yaxın əlaqədə, yerli terrorçularla birgə qanunsuz ticarətdə hallanıb. Onun PK/YPG terrorçuları ilə eyni tədbirlərdə çəkilən fotoları da yayılıb. Ona görə Volkovun talançılarla işbirliyi qurmadığından əmin ola bilmərik. Eyni zamanda beynəlxalq erməni lobbisinin ayırdığı pullardan ona bir pay çatmadığını da istisna edə bilmərik. Vaxtilə 366-cı motoatıcı briqada da Xocalı qətliamını törədərkən pul almışdı. Rus ordusunun tarixində belə ləkələr var”.

Teqlər: