32 il əvvəl Laçında şəhadətə ucalan Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anım günüdür.
AzerTimes Milli Qəhrəman haqda məlumatları təqdim edir:
– Salatın Əsgərova 1961-ci ildə Bakı şəhərində anadan olub.
– O, orta məktəbi 1979-cu ildə M.Müşfiq adına 18 saylı məktəbdə bitirib. 1984-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunda geofizika üzrə mühəndis ixtisasına yiyələnib.
– Lakin jurnalistikaya olan marağı onu tamamilə fərqli sahəyə gətirir. 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayır. Müxtəlif mövzularda yazan, xüsusilə də Azərbaycanın bütövlüyü, Qarabağ problemi kimi məsələlərə toxunan S.Əsgərova öz imzasını tezliklə ölkədə tanıtdırmağı bacarır.
– O, 1988-ci ildən fəaliyyətini Azərbaycan komsomol təşkilatının rusdilli nəşri “Molodyoj Azerbaydjana” qəzetində davam etdirir. Burada fəaliyyətə başlayandan sonra Salatın Əsgərova Qarabağa tez-tez ezamiyyətə yollanır.
– Qarabağda ezamiyyətdə olarkən rus zabitinin maşını ilə ermənilər yaşayan kəndlərə gedərək əhalini təhriklərə uymamağa və barışığa çağırırdı. Məhz buna görə ermənilər onu öldürmək istəyirdi.
– S.Əsgərova 1991-ci il yanvarın 9-da sovet hərbçilərinin müşayəti ilə Laçından Şuşaya doğru hərəkət edən avtomobildə erməni yaraqlılarının qurduğu pusquya düşərək aldığı güllə yaralarından dünyasını dəyişib.
– Ölümündən sonra Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. 1992-ci ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
– Salatın Əsgərovanın şəhid olduğu yerin yaxınlığındakı kəndə Salatınkənd adı verilib.