Sülh üçün Brüsselə “qaçan” İrəvana Kremlin cavabı

Sülh üçün Brüsselə “qaçan” İrəvana Kremlin cavabı

Qərbi razı salmaq üçün uçurumun kənarına getmək və absurdluğa düşmək lazım deyil.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın bəyanatına münasibət bildirərkən deyib.

“Təəssüf ki, bu cür sözlər deyən insanlar sadəcə olaraq ölçü hissini itiriblər. Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün qeyri-alternativ yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusudur. Vaşinqton və Brüssel platformalarını daha çox legitim görənlərə xatırlatdım ki, Vaşinqton və Brüssel bu sazişləri ya birbaşa kopyaladı, ya da öz fürsətçi maraqları üçün dəyişdirdi. ABŞ başda olmaqla kollektiv Qərb beynəlxalq hüququ açıq şəkildə pozmaqla məşğul olur, müharibələr, münaqişələr törədir, rəngli inqilablar təşkil edir, özlərinin uydurduğu qaydaları hamıya tətbiq edir. Bunları nəzərə alsaq, bu cür psevdovasitəçilərlə hansı legitimlikdən danışmaq olar? Digər çox vacib məqam isə odur ki, Vaşinqton və Brüssel platformalarında, məsələn, Ermənistanın milli maraqlarına zidd olacaq nəsə müzakirə olunarsa, o zaman həmin siyasətçilər bu platformaları daha legitim adlandırdıqlarını xatırlamayacaqlarmı?” – o bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xandanyan Bakı və İrəvan arasında Vaşinqton və Brüsseldə keçirilən danışıqların beynəlxalq nüfuza malik olub, legitimlik daşıdığını demişdi.

Teqlər: