Azərbaycan və Ermənistan həll olunmamış məsələlərin sayını azaldıblar.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Hazırda heç bir görüş nəzərdə tutulmayıb, lakin biz Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyirik. Sülhün əldə edilməsinin əlçatan olduğunu dedikdə, biz onların bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq. Hətta son görüş zamanı onlar həll olunmamış məsələlərin sayının azalmasına nail olublar. Beləliklə, həll olunmamış məsələlərin sayının azalmasını nəzərə almaqla biz sülh müqaviləsinin əldə olunacağına ümid edirik”, – deyə o bildirib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin əlavə işlənib hazırlanmasını tələb etdiyini etiraf ediblər.