Sülh müqaviləsinin imzalanmasının qarşısında həllini gözləyən iki problem var: birincisi, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasıdır. Azərbaycan ekslavlarını tələb edir, ancaq prosesi uzatmaq üçün Paşinyan 4, Alen Simonyan isə 31 kəndin “işğal” altında olmasından danışır. Qərb isə bunun delimitasiya və demarkasiya mərhələsinə salınmasını istəyir. İkinci əsas problem isə delimitasiya və demarkasiyanın hansı xəritələrlə həyata keçirilməsidir.
Bu sözləri AzerTimes-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı haqqında açıqlaması barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.
Ekspert Azərbaycanın 8 kəndin qaytarılması bağlı konkret yol xəritəsi tələb etdiyini bildirib:
“Sülh müqaviləsinin imzalanmasının bloklanmaması üçün bəhs etdiyimiz məsələlərin sonrakı mərhələyə salınması mümkün ehtimallar arasındadır. Dövlətimiz isə burda Ermənistana qarşı iki tələb irəli sürür: məsələ ya indi həll edilməlidir, yaxud sonrakı mərhələdə Azərbaycanın xeyrinə həll olunacağına dair müsbət addım atılmalıdır. Bakı Rusiyanın xahişindən sonra 8 kənd məsələsinin 10 noyabr Üçtərəfli bəyanatdan çıxarıldığını və növbəti mərhələyə saxlanıldığına eyham vurmuşdu. Biz müharibə istəmirik. Ancaq dövlətimiz Ermənistanın sülh müqaviləsindən sonra kəndləri qaytarmaqdan boyun qaçırması ehtimalına qarşı konkret və ciddi söz, əməl tələb edir. Yəni bununla bağlı mexanizmlərin təsbit olunduğu yol xəritəsi olmalıdır. Digər tərəfdən, vasitəçilər də delimitasiya zamanı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına təminat verməlidirlər. Yoxsa bu problemin həlli onillərlə uzana bilər”.