ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.
AzerTimes Report-a istindən xəbər verir ki, bəyanatda Dövlət katibi Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib:
“BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Blinken hər iki naziri Azərbaycan və Ermənistanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb”.
Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.