Sülh müqaviləsinin bağlanmasına ümidlər artıb – Rauf Əliyev

6 aprel 2022-ci il tarixində Avropa İttifaqı (Aİ) Şurasının
Prezidenti Şari Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri
Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş və bu görüşdə
əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. Görüş zamanı
post-münaqişə mərhələsində regionun inkişafı ilə bağlı Azərbaycanın
hər zaman irəli sürdüyü prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr
üçtərəfli bəyənatın müddəalarına tam riayət olunması, tərəflər
arasında sülh və etimadın yaradılması üçün humanitar addımların
davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və
demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və
kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub. Görüş
nəticəsində Aİ Şurasının Prezidenti Şari Mişel bəyənatla şıxış
edib. Yekun bəyənat keçirilmiş görüşün ümumilikdə Azərbaycanın
maraqlarına uyğun olduğunu göstərir. Tərəflər xarici işlər
nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək
tapşırığının verilməsi üzərində razılaşıblar. Bu onu göstərir ki,
sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu
çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. İkitərəfli
sərhədlərin delimitasiyası və demakrasiyası üçün aprel ayının
sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də
razılaşdırılıb. Bəyənatda Qarabağın adı çəkilmir, ümumuyyyətlə
“münaqişə” haqqında heç bir qeyd yoxdur. ATƏT-in Minsk qrupundan
bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan
razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki
olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün
bular deməyə əsas verir ki, Aİ Vətən meharibəsi zamanı Azərbaycanın
qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir və iki
ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də
artmışdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: