Sülh müqaviləsi olmayacaq, əgər İrəvan… – Şevçenko

Sülh müqaviləsi olmayacaq, əgər İrəvan… – Şevçenko

Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq.

AzerTimes xəbər verir ki, bunu APA-ya rusiyalı tanınmış ictimai xadim, siyasi ekspert Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması Vaşinqtonda Ağ Evə bu ilin noyabrında baş tutacaq seçkilərin nəticələrinə əsasən, 2025-ci ilin yanvarında kimin daxil olacağından asılıdır:

“Ya Donald Tramp, ya da Kamala Harris… Ümumiyyətlə, regiondakı durum dünyadakı vəziyyətdən asılıdır. Dünyada bu gün müharibələr baş verir. Cənubi Qafqaz regionunda isə bununla belə sevindirici proseslər müşahidə olunur. Həm Azərbaycan, həm də Gürcüstan böyük geosiyasi vəhşilərin aləti olmamaq üçün mübarizə aparırlar”.

Ekspert vurğulayıb ki, bu gün Ermənistanda Qərblə, ABŞ və Fransa ilə əlaqədar güclər dominantlıq təşkil edirlər:

“Qərb bu gün Ermənistandan alət kimi istifadə edir. Ona görə də hesab edirəm ki, problem daha da çoxalacaq. Ermənistan manipulyasiya subyekti kimi Qafqaz xalqları arasında barışığın əldə olunmaması üçün istifadə olunur. Ermənistanın köməyi ilə Azərbaycana münasibətdə eskalasiya dəstəklənir. Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsinə cəhd olunur”.

Maksim Şevçenko qeyd edib ki, nə qədər Ermənistan həqiqi azad, suveren dövlət deyil və nə qədər ki, Ermənistan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtaracaq, heç bir sülh müqaviləsi olmayacaq:

“İstərdim ki, bunu hər kəs dəqiq başa düşsün. Azərbaycan xalqı ilə erməni xalqı arasında isə sülh mümkündür. Bilirsiniz, tarixdə faciəvi məqamlar olur, lakin zaman onu müalicə edir”.

Ekspert Rusiya-Ermənistan münasibətləri barədə də danışıb. O diqqətə çatdırıb ki, Baş nazir Nikol Paşinyan Moskvanın yox, Rusiyada müəyyən dairənin maraqlarına xidmət edir:

“Hər zaman deyirdim ki, Paşinyan Moskvaya sərf edir. İndi baş verənlər bunu təsdiq edir. Problem ondadır ki, Rusiyanın Ermənistanla yox, erməniliklə yaxşı münasibətləri var. Hansı ki, bu ermənilər hər zaman “stavka”ların artmasına və azalmasına oynayır. Azərbaycan Prezidenti Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcminin dəfələrlə artmasına boşu-boşuna diqqət çəkmədi. Burada söhbət Ermənistanın istehsal etdiyi məhsullardan getmir, söhbət Ermənistan ərazisində qeydiyyata düşən və daha sonra Rusiya ərazinə gətirilən mallardan gedir. Baxın, bunun üzərində məhz erməni lobbiçiləri oturur. Ermənistan bankları böyük pullar qazanır. Məhz iqtisadiyyat siyasəti formalaşdırır. Qarabağ klanının yerinə gələn yeni erməni lobbisi “boz sxem”ləri ilə Rusiyaya öz xidmətlərini təklif edir. Ermənilik məhz bunun üzərində qurulub”.

Maksim Şevçenko Ermənistanın Rusiya üçün heç bir əhəmiyyətinin olmadığını da vurğulayıb:

“Ermənistan indi İrandan asılı vəziyyətdədir. Onu məncə, Tehrana vermək lazımdır. Tehran Ermənistanın Fransa və ümumilikdə Qərblə dialoquna məsul olmalıdır. Rusiya üçün Ermənistan sadəcə yükdür. Ona görə ki, bütün nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Rusiya Bakı və Tbilisi ilə nəqliyyat dəhlizlərində iştirak etmək üçün razılaşa bilər. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Ermənistandan yan keçir. O zaman Ermənistanın nə strateji əhəmiyyəti qalır ki?! Ermənistan Cənubi Qafqazda sadəcə ağrılı nöqtədir. Aydındır ki, Moskvada kimsə bu ağrılı nöqtəni istismar etmək istəyir”.

Teqlər: