Ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmur, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. İnsanlar artıq sevdiklərini müharibədə itirmək istəmir, ona görə də sülh tərəfdarıdırlar. İnternetdə yox, real həyatda soydaşlarımızla hər gün eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə ünsiyyət quranda görürəm ki, demək olar ki, hamısı sülh istəyir.
AzerTimes xəbər verir ki, bunu erməni siyasi analitik Tevos Arşakyan deyib.
“İrəvanda Azərbaycanla sülh barədə müəyyən sorğular keçirilir. Bu sorğularda sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri də var. Orada əhval-ruhiyyə həmişə döyüşə yönəlikdir. Bəs 44 günlük müharibə zamanı bu bizə kömək etdimi? Neçə diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar? Elə isə gəl, özün döyüş, bizi niyə yeni müharibəyə çağırırsan?
Sorğu zamanı əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir. Bu rəqəmlər – daha doğrusu, onlara sponsorluq edənlər, arxasında duranlar yeni mitinqlər, etirazlar yaratmaq üçün sadəcə olaraq bizi çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içən keçmiş Qarabağ klanını nəzərdə tuturam. Axı, ən əsası odur ki, yeni müharibə olsa belə, ölkəni tərk edib Moskva, Krasnodar, Paris və Los-Ancelesdə gizlənənlər, Levon Köçəryan və ya Mikael Minasyan yox, sadə insanlar döyüşüb həlak olacaqlar. Deməli, sülh istəmirsiniz? Onda əlinizə silah alın və “marş” sərhədə”, – o bildirib.