Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə baş tutmuş görüş
Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh
prosesinin başlanğıcı hesab oluna bilər.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Sevil Mikayılova Brüsseldə Avropa İttifaqı (Aİ)
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol
Paşinyan arasındakı görüşü şərh edərkən deyib.
S.Mikayılovanın sözlərinə görə, görüşün yekun Bəyanatı bir daha
göstərdi ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif
qəbul edilir və post-münaqişə dövründə danışıqlar əslində
Azərbaycanın müəyyənləşdirdiyı gündəlik əsasında aparılır.
“Sülh danışıqlarının Aİ müstəvisində aparılması Ermənistan və
Azərbaycan arasında birbaşa təmasları təmin edən yeni danışıqlar
mexanizmi və formatı yaradır. Azərbaycan Prezidenti İlham Əliyev və
Aİ Şurasının Prezidenti Şarl Mişel tərəfindən əsası qoyulan Brüssel
prosesi öz intensiv dinamikası ilə fərqlənir. Həm Azərbaycana, həm
də Ermənistana münasibətdə kifayət qədər qərəzsiz və tərəfsiz mövqe
sərgiləyən Aİ-yə hər iki ölkə etimad edir. Məhz belə bir etimad
mühitinin olması sülh prosesinin irəliyə aparılması və
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün
möhkəm zəmin yaradır”, – deyə S.Mikayılova vurğulayıb.
Deputat əlavə edib ki, 4 saat yarımdan artıq davam edən Brüssel
görüşündə əldə olunan nəticə Ermənistanla Azərbaycan arasında sülh
müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının
xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı
razılaşmadır.
“Bu əməli qərar görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən
verilmiş bəyanatda təsbit edilib. Digər vacib məqam isə Birgə
Sərhəd Komissiyasının təşkil edilməsi ilə bağlı razılaşmadır. Birgə
Sərhəd Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabit
təhlükəsiz vəziyyətin təmin edilməsi daxildir.
30 il davam edən qanlı münaqişənin humanitar fəsadlarının aradan
qaldırılması sülh və etimadın təşviq olunması baxımından müstəsna
əhəmiyyət daşıyır. Bu mənada Aİ-nin minalardan təmizləmə, itkin
düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, eləcə də quruculuq
işlərində Azərbaycana dəstək göstərməsi ilə bağlı qərarlı olması
məmnunluq doğurur”, – deyə deputat qeyd edib.
S.Mikayılovanın sözlərinə görə, Bəyanatda yer alan digər mühüm
müddəa nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması,
dəmir yolu və avtomobil yolunun bərpası və iqtisadi məşvərət forumu
mexanizminin yaradılmasının təsbit olunmasıdır.
“Azərbaycanın ərazi bütövlüyünün bir daha xüsusi vurğulanması və
delimitasiya prosesinə başlanması nəticə etibarilə sərhəddə
gərginliyin aradan qaldırılmasına aparacaq.
Diqqət çəkən vacib məsələ sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya
keçmişin qalığı olan ATƏT Minsk qrupunun həmsədrlik institutuna
istinadın olmamasıdır. Nə tərəflər, nə prosesdə iştirak edən
beynəlxalq təşkilatlar, nə də ATƏT-in özü bu prosesdə onun yerini
görür. ATƏT-in Minsk qrupu münaqişənin həllindəki qeyri-effektiv
fəaliyyəti açıq şəkildə göstərdi ki, vasitəçilik missiyası bu
münaqişələrin çözülməsində lazımsız mexanizmdir. Post-münaqişə
dövründə bir neçə yersiz bəyanatı ilə yalnız qıcıq yaradan qrup bu
gün münaqişə həll olunduqdan sonra danışıqlar masasından təbii
olaraq yoxa çıxdı.
Brüssel görüşü Cənubi Qafqazda sülhyaratma prosesində irəliyə
doğru mühüm addımdır, Aİ Prezidenti Şarl Mişelin sözləri ilə desək,
“Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə
başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün
zəruri elementləri həll etməyə qərar vermişik”. Əldə olunmuş
nəticələrin əməli işdə həyata keçirilməsi onun səmərəliliyini
təsdiqi olacaq”, – deyə millət vəkili əlavə edib.