Süleymanini ABŞ-a Xamenei satıb? – Şok

Süleymanini ABŞ-a Xamenei satıb? – Şok

Üç il öncə bu gün – 3 yanvar 2020-ci il tarixində dünyanın siyasi arenasında şok effekti yaradan sui-qəsd baş verdi: SEPAH-ın “Qüds” elit birliyinin komandanı, İran üçün “milli qəhrəman”, əslində isə regionda bir sıra terror fəaliyyətlərinin arxasındakı şəxs Qasım Süleymani öldürüldü;

Hadisədən dərhal sonra ABŞ sui-qəsdin onlar tərəfindən həyata keçirildiyini rəsmi şəkildə bəyan etdi. Bu, bir ölkənin digər ölkəyə – ABŞ-ın İrana müharibə elan idi, əslində. Və beynəlxalq ekspertlər bunu müharibə anonsu olaraq qiymətləndirdilər də. Lakin ABŞ və İranın qarşılıqlı addımları bəyanatdan o tərəfə keçmədi. İran Süleymanini “satdığı” ittihamı ilə Mahmud Musəvi Məcdini edam etdi və Xameneyi də daxil olmaqla bütün rəhbər şəxslərin hamısı “qisas” sözü verdi.

“Əllərini onun qanına bulayan günahkarları çox sərt intiqam gözləyir” deyirdi Xameneyi. Hərçənd, Xameneyi səviyyəsində içilən “intiqam” andları havadan asılı olaraq qaldı, nə verilən vədlər yerinə yetirildi, nə də sui-qəsdi təşkil etdiyini qələbə olaraq elan edən ABŞ-dan intiqam alındı. Ona görə yox ki, İran rejiminin ABŞ-dan “intiqam” almağa gücü çatmır, hər-halda Yaxın Şərqdə “nəsə edə bilərdilər”. SEPAH-ın “Qasım Süleymaninin intiqamı” alındığı kimi bir sıra “addım” atması da gözdən pərdə asmaq kimi qiymətləndirilir.

Sui-qəsdən üç il sonra İranın verdiyi açıqlama da gülünc görünür. XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane olur. Sual yaranır, hansı tədqiqat? Tramp Administrasiyası sui-qəsdin ABŞ tərəfindən təşkil edildiyini rəsmən açıqlamışdı, Tehran rejimi də ən yüksək səviyyədə “qisas” alacaqlarını bildirmişdi. Ortada nə “qisas” var, nə də hansısa addım. Molla rejimi hansı “tədqiqatı” aparır, yaxud belə bir “tədqiqat”dan hansı nəticəni çıxaracaq?! Bəllidir ki, rejim Süleymaninin ölümünün ildönümündə “nəsə” demək xatirinə belə bir açıqlama verib və “qisas” vədləri yenidən gündəmə gətirilir.

Gerçək isə başqadır: Qasım Süleymaninin ölümü ən çox İran rejimin təpəsində dayananlara sərf edirdi. Bunu Süleymaninin İran rejimi daxilində nəzarətdən çıxan nüfuzunda görmək mümkündür, xüsusilə post-Xameneyi dövrünün planları fonunda onun nüfuzu rejimə xeyirdən çox, təhlükə vəd edirdi.

İranda faktiki ikinci adam, yaxud “ikinci komandan”. Süleymanini belə dəyərləndirirdilər.

– SEPAH daxilində elit “Qüds” birliyinin rəhbəri kimi birbaşa Xameneyiyə tabe idi və yalnız ona hesabat verir, onunla hesablaşırdı;

– İranın Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatların birbaşa təşkilatçısı və idarəedicisi idi;

– Molla rejiminin şiə dünyası üzərində din adı altında həyata keçirmək istədiyi planlarının tərtibatçısı və icrası da o idi;

– Xameneidən sonra dini lider ola biləcəyi deyilirdi və mövcud gücü bunun çətin olmayacağını da deməyə əsas verir;

– Yaxın Şərqdə ABŞ-a qarşı qrupların döyüşünü təşkil etməklə yanaşı, ABŞ-İran gizli danışıqlarının da əsas aparıcı fiquru idi, istisna deyildi ki, lazım olandan daha çox məlumata malikdir və bu gələcəkdə Vaşinqtona da, Tehrana da təhlükə yarada bilərdi;

Bu baxımdan, Süleymaninin aradan götürülməsi hər iki tərəfə sərf edirdi:

– ABŞ İranın Yaxın Şərq siyasətinə zərbə vurur, maraqlarına qarşı çıxan şəxsi zərərsizləşdirir, eyni zamanda, gizli danışıqlarda iştirak etdiyi üçün daha çox informasiyaya malik olan fiquru sıradan çıxarırdı: nüvə danışıqlarından çıxan Tramp Administrasiyası belə bir qələbədə “əzələ nümayişi” baxımından da maraqlı idi;

– İranın molla rejimi daxilində onun nüfuzunu öz mövqelərinə təhlükə görən, yaxud post-Xameneyi dövründə dini lider postunu ələ keçirmək istəyən qruplar maraqlı idi; Süleymaninin – Xamneyidən sonra faktiki “ikinci şəxsin” ölümünün dini lider, prezident, eləcə də rejimin əsas postlarına sahiblənmək imkanlarını genişləndirdiyi həqiqətdir;

Şübhəsizdir ki, Süleymanini “satan” təkcə edam kürsüsünə çıxarılan Mahmud deyildi, İran daxilindəki siyasi mübarizə fonunda sui-qəsdin arxasında rejimin ən yüksək səviyyəli rəsmilərinin dayandığını demək mümkündür. Onun sui-qəsdən öncə qızına məktubunda öləcəyini yazması da “edam hökmünün” ən yüksək səviyyədə verildiyi və bundan məlumatlı olduğu versiyasını ön plana çıxarır.

Süleymanini amerikalılara kim(lər) satmışdı? Xameneyinin özümü, yoxsa rejim daxilindəki qruplaşmalar?

Bu suallar hələ də açıq qalır və onların cavab axtarışı yalnız baş verənlərin analizi üzərindən ehtimalları önə çıxarır.

İranda hakimiyyəti Rəisinin timsalında mühafizəkarlar – əslində SEPAH yenidən ələ keçirib. Rejimdaxili proseslər deməyə əsas verir ki, İranda hakimiyyətin orduya ötürülməsi gözləntiləri var və Rəisi hakimiyyəti əslində keçid dövrünü icra edən komandadır. Hətta milli ordu və SEPAH arasında hakimiyyət mübarizəsi getdiyinə dair məlumatlar var. Bütün bunların Süleymaninin ölümündən sonra baş verməsi diqqət çəkir. Mümkündür ki, hakimiyyətin güc strukturlarına ötürülməsi prosesində Süleymani əsas fiqur olaraq önə çıxacaq və rejimə nəzarəti ələ alacaqdı. Bunda SEPAH daxilindəki qüvvələr də, elə Xameneyinin özü də maraqlı deyildi.

SEPAH generalları Süleymanini gələcəkdəki mövqeləri və maraqları üçün təhlükə kimi görürdüsə, Xameneyi öz yerinə hazırladığı oğlu üçün təhlükə hesab edirdi. Xameneyinin oğlu Müctəba Xameneyini özündən sonra yerinə hazırladığına dair kifayət qədər məlumatlar var. 10 ildən artıqdır ev dustaqlığına məhkum edilmiş islahatçı siyasətçi Mirhüseyn Musəvi “Rəhbərliyin irsi varisliyi haqqında” adlı məqələsində Xameneyinin ölümündən sonra yerinə oğlu Müctəbanı hazırladığını yazır. Keçmiş prezident Məhəmməd Xatəmi də bu yaxınlarda Xameneyinin belə planının olduğuna işarə vurmuşdu.

Qasım Süleymani Xameneyiyə sadiq şəxs kimi tanınır, o zaman oğul Xameneyiyə necə təhlükə yarada bilərdi?

Birincisi, Əli Xameneyi oğlu Müctəbanın dini lider olacağı təqdirdə onun taleyini yaşamasını istəmir: Xameneyi dini lider olanda üzərində iki fiqurun – Əhməd Xomeyninin (Xomeyninin oğlu) və Haşimi Rəfsancaninin kölgəsini hiss edirdi və lider olmasına baxmayaraq, bu iki şəxsin ona təsiri güclü idi; Xameneyi dini lider postuna keçəndən 5 il sonra oğul Xomeyni öldü və “kölgə”lərdən biri çəkildi, ikinci “kölgə” (Rəfsancani) 2017-ci ilə – ölümünə qədər qalmışdı (Rəfsancaninin yaşlı olmasına baxmayaraq, xəstəxanada müəmmalı ölümünə dair iddialar da maraqlıdır);

“İkinci komandan” kimi qəbul edilən Qasım Süleymani Xameneyinin ölümündən sonra dini lider olacaq Müctəbanın üzərində “kölgə” olacaqdı və bu, həm oğul Xameneyinin liderliyinə, həm də mövcud iqtisadi-siyasi imperiya üzərindəki mütləq hakimiyyətinə təsir edəcəkdi.

İkincisi, ata Xameneyiyə sadiq olan Süleymani oğul Xameneyiyə də sadiq olacaqdımı?

Bu, Xameneyi üçün dəqiq cavabını bilmədiyi məsələdir və oğlunun taleyini müəmmaların əlinə buraxmaq istəmədiyi də şübhəsizdir. Və ortada Əli Əkbər Vilayəti nümunəsinin olduğu həqiqəti də var. Keçmiş xarici işlər naziri, dini liderin beynəlxalq məsələlər üzrə müşaviri olan Vilayəti Rəfsəncaninin sağlığında neytral mövqe sərgiləyir, Xameneyi-Rəfsəncani tandemi arasında balans saxlayırdı. Rəfsəncaninin ölümündən sonra Vilayəti Haşimi ailəsinin “təmizlənməsində” və Rəsəncani tərəfindən təsis edilən, İranın ən böyük tədris ocaqlarından və dünyada nüfuza malik Azad İslam Universitetinin “ələ keçirilməsi”ndə Xameneyiyə dəstək verdi. Xameneyinin ölümündən sonra Qasım Süleymaninin də Müctəbaya əks qütbdə yer almayacağına heç kim zəmanət verə bilməzdi. Nəzərə alsaq ki, dini lider postuna əsas namizədlər sırasında hazırki prezidenti Rəisinin adı çəkilir və o, SEPAH generalları tərəfindən ciddi dəstəyə malikdir, o zaman, Süleymani üçün seçimin generalların dəstəklədiyi tərəf olacağı ehtimalı daha böyükdür. Onun aradan qaldırılması isə gələcək dini lider üzərində “kölgə” olması və əks-qütbdə yer alması riskinin də aradan qalxması deməkdir.

Üçüncüsü və birbaşa təhlükə Qasım Süleymaninin özünün dini lider olması perspektivi idi: “ikinci komandan” kimi qəbul edilən Süleymani həm də rejimin hərbçilərə ötürülməsi perspektivində ciddi şanslara malik idi;

Üç il öncə baş verən sui-qəsdin pərdəarxası tam aydınlığa qovuşmasa da, İranda “milli qəhrəman” kimi təqdim edilən Süleymaninin ölümünün gerçəkdə rejimə də, birbaşa Xameneyinin oğlu Müctəba üzərindən qurduğu planlara da sərf etdiyi danılmazdır. Səbəb-nəticə məntiqi də bu cür düşünməyə vadar edir: Süleymani öldü, gələcək dini lider “kölgə”dən xilas oldu.

Teqlər: