İyunun 30-da Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilib.
AzerTimes xəbər verir ki, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi), Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış ediblər.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.