Sudann paytaxtı Hartum şəhərində təhlükəsizlik qüvvələri etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
AzerTimes-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, minlərlə nümayişçi oktyabrın sonunda baş verən dövlət çevrilişinə etiraz etmək üçün küçələrə çıxıb. Aksiyalar müxtəlif yerlərdə başlayıb, daha sonra nümayişçilər prezident sarayının yaxınlığında toplaşmağı planlaşdırıblar.
Ölkənin təhlükəsizlik qüvvələri etiraz aksiyasının qarşısı almaq üçün döyüş güllələrindən, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Nümayişçilərin nümayəndələri odlu silahlardan açılan atəş nəticəsində ən azı 5 nəfərin yaralandığını bildirir. Onlar internet və telefon xətlərinin kəsilməsini də vurğulayıblar.
Bildirilir ki, etiraz aksiyaların ölkənin digər şəhərlərində də baş tutub.
Qeyd edək ki, oktyabrın 25-nə keçən gecə Sudan hərbçiləri bir sıra müvəqqəti hökumət nazirlərini, o cümlədən müvəqqəti baş nazir Abdullah Hamdoku saxlayıblar. Daha sonra Sudan ordusunun generalı Əbdülfəttah əl-Burhan xalqa müraciətində ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu, Nazirlər Kabinetinin və suveren şuranın buraxıldığını elan edib.
Sudanda hərbçilərin hakimiyyətə gəlməsindən sonra, xüsusən də ölkədə mülki hakimiyyətin bərpası tələbi ilə etirazlar başlayıb.