Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsi, Qızılca kəndində fəaliyyət göstərən, “Saf Qida” MMC-yə məxsus süd məhsullarının istehsalı sexində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
AQTA-dan AzerTimes-a verilən məlumata görə, əsas xammal kimi istifadə edilən südün baytarlıq-sanitariya ekspertiza sənədlərinin olmadığı, emal prosesinin düzgün həyata keçirilmədiyi, bişmiş südün ağzı açıq şəkildə saxlandığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə (saç toru, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam edir.