Su polisi Qum adasında elektrik naqilləri oğurlayan şəxsləri saxlayıb (VİDEO)

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, idarəyə Qum adası ərazisində yerləşən “Bahar enerji” əməliyyat şirkətindən müəssisəyə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu tərəfindən əraziyə baxış keçirilib. Su polislərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməksdə şübhəli bilinən 3 nəfər paytaxt sakini Xəlil Həsənov, əvvəllər məhkum olunmuş Səyyar Məhərrəmov və Həsənqulu Quliyev saxlanılıb.

Qeyd edək ki, bu şəxslər əvvəlcə əməliyyat şirkətinin inzibati binasına daxil olublar və oradan oğurluq etmək istəyiblər. Daha sonra isə dəstə üzvləri şirkətin ərazisində qeyd edilən cinayət əməllərini törədiblər. Araşdırma zamanı müəyyən edilib ki, Xəlil Həsənov və digərləri heç bir balıqçılıq icazələri, eləcə də kvotası olmadan dənizə balıq tutmaq adı qayıqla daxil olublar. Həmin qayığa baxış zamanı balıqçılıq alətləri yox dəmir avadanlıqlarının kəsilməsi üçün nəzərdə tutulan əşyalar və şirkətdən oğurlanan naqillər, həmçinin konstruksiyalar aşkar edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə vətəndaş məmnunluğu təmin edilib. Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə şikayət edən bir nəfər xanım Bakı Dəniz Vağzalının ərazisində yerləşən restoranlardan birində ona məxsus içərisində 1500 manat və sənədlər olan əl çantasının oğurlandığını bildirib. İdarə əməkdaşları tərəfindən aparılan araşdırmalar zamaı müəyyən edilib ki, həmin qadının çantası oğurlanmayıb. O, yaşadığı evə gedən zaman çantasını paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərdən birinin qarşısında itirib. Su polisləri tərəfindən görülmüş operativ tədbir nəticəsində çanta qısa zamanda tapılaraq içindəki pullar və sənədlərlə birgə sahibinə qaytarılıb.


Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Teqlər: