Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin
əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat
nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik
vasitənin ölkə ərazisinə qaçmaqmalçılıq yolu ilə gətirilərək
qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, belə ki,
İdarəyə Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum
şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə
etdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs
əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası
öyrənilib. Su polisləri tərəfindən həyata keçirilən əməliyyat
nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən
uzaqlaşmaq istəyən zaman saxlanılıb.
Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər
məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib. Onun əlindəki
çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək
təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan
narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Elçin Bəşirov
ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və
sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə
etdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o,
tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq
və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də
nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi
vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri
gətirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların
ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən
edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol
verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və
müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə
qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq
aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər
hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında
Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng
edərək məlumat vermələri xahiş olunur.