Su həyatdır, qənaət etməsək…

Martın 22-də planetimizin bir çox ölkəsində dünya su ehtiyatları və ya dünya su günü qeyd olunur. Bu mühüm ekoloji bayramın qeyd olunması barədə qərar 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə BMT konfransında qəbul edilmişdir.

Dünya su günü ilk dəfə 1995-ci ildə “Su həyatdır” devizi altında qeyd olunmuşdur. 2003-cü il dekabrın 23-də BMT Baş Assambleyası 2005-2015-ci illəri “Su həyat üçün” beynəlxalq onilliyi elan etmişdir. Cari ildə Beynəlxalq su gününün mövzusu “Təmiz su sağlam dünya üçün”dür. Yerdə su ehtiyatının çox hissəsi okeanlarda, habelə Antarktida və Qrenlandiyanın çoxillik buzlaqlarında toplanmışdır. İnsanların istifadə etdiyi su mənbələri, əsasən, göllər, çaylar və su quyularıdır. Dünyada şirin su ehtiyatı ilbəil azalır, istehlak isə artır. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilədək təxminən 2 milyard insan su çatışmayan ölkələrdə və ya regionlarda yaşayacaqdır. Həmin bölgələrdə adambaşına ildə 500 kubmetrdən az su düşəcəkdir. Bu isə sağlam həyat və gigiyena qaydalarına riayət etmək üçün yetərli deyildir. Su sektoru bir neçə mərhələdən və çoxsaylı maraqlı tərəflərdən ibarət olan mürəkkəb bir ekosistemdir. Əhali və qeyri-əhali istehlakçılarının su ilə təchiz edilməsi üçün su, ilk növbədə, mənbələrdən qəbul edilməklə anbarlarda saxlanılmalı, daha sonra boru kəmərlərindən və digər zəruri avadanlıqlardan ibarət infrastruktur vasitəsilə son istehlakçılara çatdırılmalıdır. Nəhayət, tullantı suyunun qəbul edilməsi və təmizlənməsi bu ekosistemi tamamlayır, eləcə də çirkab suları təmizlənərək təhlükəsiz şəkildə sistemin özünə qaytarılır. Bu baxımdan, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun istifadəsində qənaətli texnologiyaların tətbiqi, su itkilərinin azaldılması, istifadə edilən suyun qiyməti və digər məsələlər ölkənin dayanıqlı su təminatı baxımından böyük əhəmiyyət kəsb edir və dövlətin əsas prioritetlərindən biri olmalıdır.

Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Şirin suyun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Son 50 ildə isə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Təxminən 2030-cu ilə qədər Çinin şimalında və Hindistanın cənub-şərqindəki əsas su təbəqəsi quruyacaq. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir.

YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir. Yuxarıda qeyd etdiklərimiz bu gün dünyadakı vəziyyəti təsəvvür etmək üçün kifayət edir.

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Teqlər: