27 sentyabr – Anım Günündə Fransanın Strasburq şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi tədbirdə yerli ictimaiyyətin təmsilçiləri ilə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvləri və eləcə də Türkiyə Böyük Millət Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız, habelə Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Kaan Esener də iştirak ediblər.
AzerTimes-ın məlumatına görə, tədbirin əvvəlində iştirakçılar tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyənin AŞPA-da nümayəndə heyətinin rəhbəri Əhməd Yıldız və Milli Məclisin üzvü Rafael Hüseynov düz bir il öncə, 27 sentyabrda başlamış Vətən müharibəsi ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Onlar xüsusilə Azərbaycan Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, Azərbaycan silahları qüvvələrinin şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunmasını xalqımızın tarixi bir zəfəri olduğunu vurğuladılar.
Uzun illər hərbi işğal kimi ağır haqsızlıqla üzləşmiş Azərbaycan millətinin öz Ali Baş komandanı ətrafında sarsılmaz bir birlik nümayiş etdirərək, sentyabrın 27-də “öldü var, döndü yoxdur” düşüncəsi ilə yola çıxdığını və bu yolun bütün azərbaycanlılar üçün əziz olan Şuşa şəhərində Azərbaycanın dövlət bayrağının ucaldılmasınadək aparıb, çıxardığını xatırladıblar. Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və firavan gələcəyi üçün canlarından keçmiş bütün qəhrəmanlarımızın igidliyi dərin minnətdarlıq hissi ilə anılıb və onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı ifadə olunub. Eyni zamanda, Vətən müharibəsi zamanı ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyin ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarı ilə yaşayan Azərbaycan və Türkiyənin möhkəm birliyinin ən parlaq nümayişinin şahidi olduğumuz fəxarətlə qeyd olundu və bu birliyin daimi olduğu bəyan edildi.
Daha sonra yerli ictimaiyyətin təmsilçisi kimi tədbirdə çıxış edən hüquq elmləri doktoru, Strasburq vəkillər birliyinin üzvü Jan-Emanuel Medina 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan Respublikasının üzləşdiyi işğal faktına beynəlxalq təsisatlar tərəfindən verilən hüquqi dəyərləndirmələr barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının Vətən müharibəsi nəticəsində azad olunmasının ölkəmiz beynəlxalq hüquqdan irəli gələn bir haqq işi olduğunu söyləyib və bu tarixi hadisənin ədalətin bərpa kimi gördüyünü ifadə edib.
Tədbirin sonunda Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində kütləvi informasiya vasitələrində getmiş, yadda qalan video görüntülər əsasında hazırlanmış qısa bir film iştirakçılara nümayiş etdirilib.