STP-nin türk tərəfdaşları ASSAN-STP Panel işçiləri ilə görüşüb (FOTO)

STP-nin tərəfdaşlarından olan Türkiyə nəhəngi Kibar Holdinqin Assan Panel şirkətinin nümayəndələri “ASSAN-STP Panel” birgə müəssisəsinin işçi heyəti ilə görüşüb. Görüşün məqsədi kollektivi birgə müəssisədə salamlamaq və region iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaşlıq kəsb edən yeni layihə ilə bağlı təbrik etmək olub.

AzerTimes-ın məlumatına görə, görüş zamanı işçi heyətinə Kibar Holdinq ailəsi və Assan Panel şirkəti haqqında ətraflı məlumatla yanaşı “ASSAN-STP Panel” şirkətinin yaxın gələcək üçün planları barədə də məlumat verilib. Şirkətin əsas hədəflərinin qısa zamanda məhsul çeşidini artırmaq, keyfiyyət göstəricisi olan sertifikatlar əldə etmək, yerli satış və ixracı artırmaq olduğu bildirilibdir.

Qeyd edək ki, STP və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) 2020-ci ildə əməkdaşlıq danışıqlarına başlamış və 2021-ci ildə bu danışıqlar birgə müəssisə yaratmağı nəzərdə tutan müqavilə ilə nəticələnmişdir. 2021-ci ilin mayında artıq STP-nin Sendviç Panelləri zavodunun bazasında “ASSAN-STP Panel” birgə müəssisəsi təsis edilmişdir.

Hyundai, Turkish Airlines, Posco və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurmuş Kibar Holding-ə aluminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan Assan Panel Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika daxil olmaqla ümumilikdə 85 ölkəyə ixraclar həyata keçirir.

Teqlər: