Stolüstü tennisçilərimiz Almaniya və Polşada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

Stolüstü tennisçilərimiz daha bir ciddi sınaq
qarşısındadırlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən
AzerTimes-a bildirilib ki, yeniyetmələrdən ibarət seçmə komandalar
beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Oğlan
tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində,
20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq
turnirlərə qatılacaqlar. Qızlar isə mayın 17-dən 19-dək
Vladislavada, 20-dən 22-dək Berlində keçiriləcək yarışda
bacarıqlarını göstərəcəklər. Hər iki komanda ənənəvi yarışa böyük
həvəs və qələbə əzmi ilə hazırlaşır. Qax Olimpiya İdman
Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq
toplanışlarını başa vuran tennisçilər məşqçilər Elnur Hidayətzadə
və Ramil Cəfərovun rəhbərliyi ilə hazırlıq prosesini Bakıda davam
etdirirlər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan
Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə,
qızlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və
Mərziyə Nürmətova qoruyacaq.

Qeyd edək ki, stolüstü tennisçilərin bu yarışlarda iştirakı iyul
ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıq
xarakteri daşıyır.

Teqlər: