Stoltenberq Bakıdan nəyi xahiş etdi?

Stoltenberq Bakıdan nəyi xahiş etdi?

NATO Baş katibi Yens Stoltenberq Bakıdakı açıqlamalarında Şimali Atlantika Blokunun Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığına dair xeyli cümlə söylədi, konkret misallar çəkdi. Baş katib Azərtac-a müsahibəsində sadəcə Azərbaycanla bağlı bir istəyini səsləndirdi: “NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Ona görə düşünürəm ki, Azərbaycanın da Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulması çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əlbəttə, Azərbaycan da bir çox dövlət kimi Ukraynanın ərazi bütövlüyünü təmin etməsini arzulayır. Çünki ərazi bütövlüyü məsələsi Azərbaycan üçün həssas mövzudur, torpaqlarımızın uzun illər işğal altında qalmasıyla bağlı acı təcrübəmiz var. Ona görə də Azərbaycan Rusiyanın Ukraynada qələbəsinin əleyhinədir. Ancaq Azərbaycan Yens Stoltenberqin arzuladığı kimi, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşula bilməz. Yəqin bu haqda ona Bakıda bağlı qapılar arxasında deyiblər. Maraqlıdır, görəsən Stoltenberq eyni sözləri Azərbaycandan sonra səfər etdiyi Ermənistanda və Gürcüstanda da deyibmi? Deyibsə də, İrəvan və Tiflis Bakı kimi NATO baş katibinə eyni cavabı verib. Ermənistanın Rusiya ilə münasibətlərində suallarının sayının artmasına baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyəcək. NATO üzvü olmaq istəyən və Moskva ilə diplomatik münasibətləri olmayan Gürcüstanın özü belə Rusiya ilə iqtisadi əlaqələrdən imtina etməyib və etməyəcək. Çünki praktik baxımdan da Azərbaycan, Ermənistan və Gürcüstan məhsullarının satışı üçün hələ ki, ən münbit bazar Rusiyadır. Tutaq ki, Cənubi Qafqaz ölkələri Yens Stoltenberqin istədiyi kimi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşuldular, bu halda Avropa İttifaqı ölkələri Azərbaycanın, Gürcüstanın və Ermənistanın kənd təsərrüfatı və digər məhsullarını qəbul etməyə hazırdılarmı? Bu suala müsbət cavab vermək mümkün deyil”, – politoloq vurğulayıb.

Teqlər: