Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Berlində təşkil edilən Xocalı soyqırımı tədbirindən paylaşım edib. Paylaşımda 44 günlük müharibədə hər iki ayağını itirən Polad Rzayevin iştirakından qürur duyduğunu bildirib və ona təşəkkür edib. Səfir mayorun Berlində müalicə aldığını və alman həkimlərin vasitəsilə hərəkətliliyinin bərpa edildiyini bildirib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, erməni ekspert Harri Stepanyan bu paylaşıma münasibət bildirərək, mayorun adının Polad olmasını onun Polşa vətəndaşı olması ilə əlaqələndirib.
H.Stepanyan mayoru “polşalı muzdlu” adlandıraraq bunun Azərbaycanın II Qarabağ müharibəsində pakistanlı və suriyalı muzdlulardan istifadə etdiyini göstərdiyini iddia edib.
Amerikalı siyasi analitik Maykl Doran Stepanyanın bu iddiasına münasibət bildirərək Polad adının Polşa ilə heç bir əlaqəsinin olmadığını yazıb:
“Azərbaycanı tənqid edənlər, azərbaycanlı qəhrəmanın adının Polad olmasına əsaslanaraq polşalı muzdluların Qarabağda döyüşdüyünü iddia edirlər. Polad bir addır. Bunun Polşa ilə heç bir əlaqəsi yoxdur. Gəlin bunun üzərində birlikdə çalışaq. Məndən sonra təkrarlayın: Polad – addır! Polşa – ölkə!”