STEAM Azərbaycan Festivalına start verilib

Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, festival çərçivəsində nəzərdə tutulan yarışlar “STEAM Open (Makerthon)”, “Hackaton”, “Micro:bit”, “Lego Sumo senior”, “Lego Sumo junior”, “Line folower”, “3D Cad”, “Short movie”, “Edu dron”, Humanoid robot, üzrə kateqoriyaları istiqamətində reallaşacaq. Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olacaq, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

Qeyd edək ki, STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.

Festivalın rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara start veriləcək. Dekabrın 10-da isə həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.


Festivalla bağlı ətraflı məlumat https://saf.steam.edu.az/ səhifəsində yerləşdirilib.

2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Teqlər: