“Star” neft emalı zavodununun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat təqdim olunub (FOTO)

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı
zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse”
şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat Azərbaycan nümayəndə
heyətinin tərkibində Forumda iştirak edən Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri
Mikayıl Cabbarova təqdim olunub.

SOCAR-dan AzerTimes-a bildirilib ki, mükafata görə təşəkkürünü
bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu
mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib. Müşahidə
Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya
uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.

SOCAR-ın milli şirkət olaraq strategiyasında sosial məsuliyyətə
də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ
strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse”
şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq
doğurduğunu vurğulayıb.

Müşahidə Şurasının sədri bildirib ki, SOCAR qlobal enerji
şirkəti kimi, “Yaşıl enerji”yə keçid və qabaqcıl texnologiyaların
tətbiqi istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək.
Mikayıl Cabbarov gələcəkdə SOCAR-ın “Global Lighthouse” şəbəkəsinin
yüksək standartlarını əldə edən daha çox müəssisəsinin olacağına
əminliyini ifadə edib.
Qeyd edək ki, “Star” neft emalı zavodu “Global Lighthouse”
şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük
sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə
alınmaqla daxil edilib.

Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer
aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan
“Petkim” də daxil edilib.

Teqlər: