Qvineyanın cənub-şərqində yerləşən Nzerekore şəhərində futbol matçı zamanı azarkeşlər arasında kütləvi dava baş verib, nəticədə onlarla insan həyatını itirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, insidentə hakimin mübahisəli qərarları səbəb olub.
Hakim komandalardan birinin oyunçusuna qırmızı vərəqə göstərib və penalti təyin edib, bundan sonra azarkeşlər arasında dava başlayıb.
Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qazdan xilas olmağa çalışan azarkeşlər stadionu tərk etməyə çalışıb və çıxışlarda izdiham yaranıb. Bir çox insan ya boğularaq, ya da küçəyə çıxmağa çalışarkən stadionun divarlarından yıxılaraq həyatını itirib.
Cəsədlərin tanınmasında yaranan çətinliklər qurbanların dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.
“Orada təxminən 100 nəfər həlak olub. Bəziləri dəhlizlərdə yerə sərilib. Morq doludur”, – deyə həkimlərdən biri bildirib.