Stabillik yoxdursa, heç bir sülh və insan haqlarından danışmaq olmaz – Mahmud Abdelsalam

Xəbər - Humay Ağacanova – Trend:

Əgər stabillik yoxdursa, bu halda heç bir sülh və insan haqlarından danışmaq olmaz.

Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Yeni erada sülh, təhlükəsizlik və insan haqları” mövzusunda müzakirələrdə çıxış edən İnsan Qardaşlığı üzrə Ali Komitənin baş katibi Mohamed Mahmud Abdelsalam deyib.

O bildirib ki, oyanmalı və üzərimizə yeni öhdəliklər götürməliyik: “Hazırkı dövrdə COVİD-19 pandemiyasından əziyyət çəkirik. Amma sülhdən danışırıqsa, bunu da qeyd etməliyik ki, Afrikada əhalinin yalnız 4 faizi vaksinasiya prosesindən keçib. Siyasətçilər bu haqda düşünməlidirlər. Ədalət bərqərar olmadan necə sülh istəyə bilərik?!”.

Mahmud Abdelsalamin sözlərinə görə, BMT-nin baş katibi və üzvləri sosial konsepsiya üzərində çalışırlar: “Biz sülh gündəminin yaradılmasına çalışırıq. Sülh gündəminə aztəminatlı əhalini, azsaylı xalqları daxil etməyə səy göstəririk. Fərqlilik bir növ bağlılıqdır, biz buna hörmət etməliyik. Dünya qarşılıqlı hörmətə əsaslanmalıdır, millətindən, cinsindən asılı olmayaraq, hamıya hörmətlə yanaşılmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: