Ermənistanın 5 aprel Brüssel görüşü ərəfəsində və ondan sonra sərhəddə təxribat törədəcəyi gözlənilən idi.
AzerTimes xəbər verir ki, Ermənistanın sərhədimizə ordu topladığı haqda ilk fakt və görüntülər mart ayının son günlərində ortaya çıxdı. Ötən gün isə bu prosesin davam etdiyini təsdiqləyən növbəti görüntülər yayıldı.
Aprelin 4-də o da bəlli oldu ki, SEPAH-a aid olan İran təyyarəsi Sərab və Tehrandan İrəvana 29 mart-4 aprel tarixləri arasında 5 aviareys həyata keçirib və onun hərbi yük daşıdığı ehtimalı yüksəkdir. Əks halda bu qədər intensivliklə hərbi yük təyyarəsinin SEPAH bazalarından İrəvana uçuş etməsinin məntiqi yoxdur.
Sərhədə ordu toplamaqla bərabər, İrandan silah tədarükünü sürətləndirən Ermənistan təbliğat savaşını da genişləndirmişdi. Bütün görüşlərdə Azərbaycanın “mümkün təcavüzü” müzakirəsi aparılırdı.
Bu gün də avropalı siyasilar, əsasən də fransız media təmsilçiləri Azərbaycanın atəşkəsi pozduğu, Ermənistanı cavaba təhrik etdiyi, genişmiqyaslı hərbi əməliyyat üçün səbəb axtardığı haqda geniş təbliğata başlayıblar və proses göstərir ki, bu ssenarinin müəllifi qətiyyən Ermənistan deyil.
Aprelin əvvəlində ABŞ Dövlət katibi Entoni Blinken Parisdə Fransa XİN başçısı ilə görüş keçirəndən sonra mətbuat konfransında Sejurne heç bir səbəb və zərurət olmadan Azərbaycanın Ermənistana təcavüz etmək niyyətində olduğunu bildirərək, Ermənistana “misilsiz dəstəyini” elan etdi. Blinkenin Brüsseldə Paşinyanla görüş öncəsi Fransada danışıqlar aparması və ardınca Sejurnenin bu ifadəsi təsdiqləyir ki, ssenari belədir: Ermənistan sərhədə ordu cəmləyir, İran hansısa hərbi-texniki dəstək göstərir – ya logistik, ya da öz potensialından – və sərhəddə təxribatlarla lokal qarşıdurma yaradılır, Qərb bunun “gözlənilən” olduğunu iddia edir, çünki aylardır bu təbliğatı aparır və indi bunun gerçəkləşdiyini bildirir, nəticədə Ermənistanın KTMT tərəfindən qorunmadığı bəhanəsi güclənir, bu ölkəyə Qərb qüvvələrinin gəlməsinə və sərhədə yerləşməsinə şərait yaradılır.
Əlbəttə, bütün prosesin Rusiyaya qarşı hazırlandığı məlumdur, ancaq Qərb bu prosesi Azərbaycan üzərindən, Azərbaycanı vasitə edərək aparır və bu da rəsmi Bakının maraqlarına qətiyyən uyğun deyil.
Azərbaycan lideri İlham Əliyev ABŞ Dövlət katibi Blinkenlə telefon danışığında Sejurnenin yalan danışdığını birbaşa bildirdi və bu ziyanlı siyasətin nəticələri haqda xəbərdarlıq da etdi. Bu xəbərdarlığa baxmayaraq, ssenari inkişaf etdirilir – sərhəddə atəşkə pozulması və buna paralel olaraq Azərbaycanın suçlanması intensivliyi sürətlə artır.
Qərb öz qüvvələrini mümkün qədər tez Ermənistanda yerləşdirməyə çalışır və bunun “əsası” isə Azərbaycanla “toqquşmadır”. Belə görünür ki, Qərb bundan başqa əsas tapmadığından, bu ssenarini tətbiq etməkdən əl çəkməyəcək.
İran da bu ssenarinin tərkib hissəsidir və öz rolunu oynamaqla məşğuldur.
Bu arada, Brüsseldə keçirilən görüşdə Ermənistana ildə cəmi 140 milyon dollarlıq yardım ayrıldığı üzə çıxdı. Bu yardımla Ermənistanın Rusiyanın iqtisadi asılılığından azad edilməsi mümkün deyil və belə görünür ki, 5 aprel görüşünün hədəfi də bu olmayıb. Bağlı qapı arxasında saatlarla hansı müzakirənin aparıldığı və nələrin razılaşdırıldığı isə açıqlanmadı.
Brüssel görüşündə açıq şəkildə Ermənistanın tərəfini tutan Fransanın iştirak etməməsi isə bu prosesdə Parisin rol almadığı anlamına gəlməz – Blinken Sejurne ilə görüş öncəsi buna görə görüşmüşdü.