Almaniyanın 79 yaşlı sabiq kansleri Gerhard Şröder ötən şənbə günü Hamburqdakı beşulduzlu “Fontene” otelinin restoranında ziyafət təşkil edib. Rusiyaya yaxın olduğu üçün siyasətçi ilə az adam ünsiyyət qurduğundan görüşə yalnız bir neçə yaxını gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, onlar əvvəlcədən razılaşıblar ki, yemək pulunu Şröder, içki pulunu isə hər kəs özü ödəyəcək. Lakin 41 yaşlı iranlı iş adamı Y.F.Məzid 6117 avroya içki sifariş edib və ödəməkdən imtina edib. Restoran işçiləri polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə iranlı artıq oranı tərk edib. Ona qarşı dələduzluqla bağlı protokol tərtib edilib.
Qeyd olunur ki, bu, iranlı biznesmenin hesabını ödəmədiyi ilk hal deyil.