Xəbər verildiyi kimi, bu gün Avstriyanın paytaxtı Vyanada
ATƏT-in qərargahında keçirilən “Sülh və ədalət” mövzusunda
beynəlxalq tədbirdə “Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt
Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar tərəfindən “Barışıq üçün
etiraf et” təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri
beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin
tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan
haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün
açıqdır.
AzerTimes-ın məlumatına görə,
sözügedən tədbirin aparıcısı qismində çıxış edən “Srebrenisa Anım
Mərkəzi Muzeyinin” direktor müavini Amra Beqiç tədbirin sonunda
emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını
insanlıq qarşısında borc olaraq adlandırdı. Xocalı cinayətinin
Srebrenisada törədilən soyqırımı ilə bir çox eyniliklərin olduğunu
qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan etdi.
Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı
soyqırımını etiraf etməsini vacib saydığını qeyd etdi.
Bu məqsədlə o, bütün sülhsevər insanlara müraciət edərək Xocalı
soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk
növbədə, Ermənistan baş naziri N.Paşinyana və sıravi ermənilərə
çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif etdi.
“Bu çağırışlarda yazacağınız cəmi üç söz – “Xocalı: Barışıq üçün
etiraf et” (Khojaly: RecognizeToReconcile) regionda sülhün bərqarar
edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz
baxımından atacağımız ən bəsit addımdır”, – deyə ictimai xadim
vurğuladı.
Qeyd edək ki, Amra Beqiç özü Srebrenisa soyqırımı zamanı
ailəsini itirmişdir, kriminalistika üzrə Niderlandda təhsil alıb,
Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və
2005-ci ildən Srebrenisa Memorial Kompleksində fəaliyyət
göstərir.