“Sputnik Light” koronavirus peyvəndinin ilk seriyası mülki dövriyyəyə buraxılıb. İyunun sonuna qədər təxminən 2,5 milyon dozanın dövriyyədə olacağı gözlənilir.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlama verib.
“Dünən nəzarət mərhələsi tamamlandı və ilk “Sputnik Light” seriyası mülki istifadə üçün buraxıldı. İyun ayının sonuna qədər təxminən 2,5 milyon dozanın mülki dövriyyəyə girəcəyini planlaşdırırıq” deyə, o bildirib.
Nazir qeyd edib ki, “Sputnik Light” əvvəlcə koronavirus infeksiyası keçirənlər və daha əvvəl peyvənd olunmuş vətəndaşlar üçün nəzərdə tutulub: “Baş nazirin “Sputnik Light” peyvəndinin istehsalı və alınması ilə bağlı bir təlimatı var. Tək komponentli peyvənddir, əsasən xəstələnmiş və əvvəllər aşılanmış olanların peyvəndlənməsi üçün istifadə ediləcək, lakin biz bunu əhalinin müəyyən kateqoriyaları üçün istifadə edəcəyik. Yalnız 60 yaşa qədər insanların istifadəsinə icazə verilir”.
Qeyd edək ki, “Sputnik Light” Sputnik V peyvəndinin ilk komponentidir. Dərmanın effektivliyi 80% -dir.