Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.
Deputat söyləyib ki, skuterlərin sürəti 60 km/saatdır.
O bildirib ki, xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb:
“Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.
Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə “Şahin müəllim, skuterin sürətinin göstəricisi var? Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” deyərək münasibət bildirib.