“Qafqaz qovşağı” nəşrinin baş redaktoru Grigory Shvedov yanvarın 9-da onu hədələyənlərlə bağlı Rusiya İstintaq Komitəsinə müraciət ünvanlayıb.
Çeçenistan parlamentinin spikeri Magomed Daudov öz Instagram səhifəsində “Qafqaz qovşağını necə açmalı” adlı post paylaşıb. Daudov öz postunda “dili həddindən çox uzun, mənəviyyatı isə çürük olan hibrid köpək Şvedin” başına açılmalı oyunlardan söz açıb.
Daudov yazır: “Bu, çox qəribə köpəkdir. Baxanda qorxunc görünür, amma qorxacaqdır. Cins köpək deyil, ancaq harındır. Ləqəbi də “Şved”dir. Artıq iri kəlbətinli baytarı çağırmağın da vaxtı çoxdan çatıb. Niyə? “Şved”in bir-iki “ağıl” dişini çıxarsın, dilini də dartıb, standart ölçüyə salsın. Bir də gördün, yaxşı və mənalı bir şeydən danışmağa başlayar“.
Buna da bax: Kadırov ordusuz qalıb
Rusiyada İnsan Hüquqları üzrə Prezident Şurası ən yaxın zamanda jurnalistə ünvanlanan bu hədə-qorxunu müzakirə etməyi planlaşdırır. “Qafqaz qovşağı” nəşrinin baş redaktoru Grigory Shvedov artıq yanvarın 9-da bu hədə ilə bağlı Rusiya İstintaq Komitəsinə üz tutub:
“Mən bu postu təzyiq forması və hətta peşəkar fəaliyyətə maneə kimi qəbul edirəm… Postda söhbət dişlərin çıxarılmasından və dilin kəsilməsindən getdiyinə görə, bu… təhdid formasıdır”.
“Düşünürəm ki, hətta sovetlər dönəmində də…”
Grigory Shvedov İstintaq Komitəsi əməkdaşlarının peşəkarlığına inandığını da söyləyib: “Düşünürəm ki, hətta sovetlər dönəmində də öz işini peşəkarcasına görən insanlar tapılıb və belə insanlar həmişə olub. Əminəm ki, Rusiyanın bütün strukturlarında mütəxəssislər var…”
Buna da bax: Ramzan Kadırov Erdoğandan “qaçaq çeçenləri” istəyir
Shvedov-un sözlərinə görə, məsələ ilə bağlı prezidentin sözçüsü Alvi Karimov-un söylədiklərindən başqa heç bir rəsmi reaksiya olmayıb.
Daudov-un postu barədə açıqlama verən Çeçenistan prezidenti Ramzan Kadırov-un mətbuat katibi Alvi Karimov sözügedən postda heç bir hədə və ya təhdid görmədiyini deyib.
Shvedov Daudov-un bu postunun səbəblərini dəqiq anlamadığını bildirib:
“Bilavasitə Daudov və onun ailə üzvləri barədə yazılarımız olmayıb. “Qafqaz qovşağı”nın gördüyü işlə bağlı şübhələr və narazılıq mənə məlumdur. Ancaq Daudov və ailə üzvləri barədə heç bir araşdırma, heç bir ifşa xarakterli yazı olmayıb. O səbəbdən onun mənə qarşı şəxsi-qərəzliyinin olmasını ağlıma gətirməyə əsasım yoxdur”.
Buna da bax: Çeçenistanın xüsusi təyinatlı qüvvələri Suriyaya göndərilir
“Qafqaz qovşağı”nın əməkdaşı Zhalaudi Geriyev-u Çeçenistan Ali Məhkəməsi saxta ittihamla mühakimə edib. Shvedov-un sözlərinə görə, bu, təhdid yox, real təzyiqdir.
“Bu, ilk dəfə baş verir”
O deyir ki, “Qafqaz qovşağı” öz redaksiya siyasətini dəyişmək fikrində deyil: “Biz tənqidə reaksiya veririk. Özü də Çeçenistandan tənqidlər tez-tez gəlir. Bu tənqid konkret yazılarla bağlıdırsa, biz… aktları yenidən yoxlayır və tənqidi faydalı sayırıq. Ancaq ilk dəfədir ki, konkret yazı ilə bağlı tənqid əvəzinə birbaşa ünvanıma zorakılıq tətbiqi ilə bağlı çağırış görürük. Rusiyada istənilən vəzifəli şəxs anlamalıdır ki, bu çağırış onun əməkdaşları tərəfindən yox, hansısa radikal… insanlar tərəfindən qəbul oluna bilər. Üstəlik, artıq Daudov-un postunun altındakı çox maraqlı şərhlərdə onun sözünün bəlli bir dairədə hansı reaksiya doğurduğunu görürük. Postun altında qat-qat daha qəddar, bilavasitə məni öldürməyə çağırışlar səslənir! Bu, ilk dəfə baş verir. Ancaq bu, Çeçenistanda, yaxud başqa regionlarda insan haqlarının pozulması ilə bağlı vəziyyətin işıqlandırılmasında hər hansı dəyişikliyə əsas vermir”.
Jurnalist öz həyatı üçün qorxmadığını bildirir: “Ancaq digər tərəfdən, biz ünvanına buna bənzər hədələr səsləndirilmiş ictimai xadimləri, jurnalistləri tanıyırıq. Onlar artıq bizim aramızda yoxdurlar. Natalia Estemirova da, Anna Politkovskaya da, Boris Nemtsov da öldürülüblər. Bütün bu qətllər, bu və ya digər şəkildə, çeçenəsilli adamlarla bağlı olub. Odur ki, şübhəsiz, belə yazılar adamı ehtiyatlanmağa vadar edir”.
Buna da bax: Kadırov ona inanmayanları döyüşə çağırır
“Budur, hədəfi sizə göstəririk”
“Memorial” Hüquq Müdafiə Mərkəzinin şura üzvü Oleg Orlov Magomed Daudov-un postunun mümkün nəticələri barədə bunları deyib:
“Hər hansı məmurun belə bir postu yazması, sözsüz ki, özü-özlüyündə biabırçılıqdır. Bu, yolverilməzdir. Buna görə dövlətin istənilən vəzifəli şəxsi cəzalandırılmalıdır… Məhz Kadırov rejimində isə bu, real və ciddi təhlükədir. Məsələ burasındadır ki, Ramzan Kadırov rejimində, sadəcə, eyham, istək, bir insandan narazılıq etmək kifayətdir: “Budur, hədəfi sizə göstəririk! Qapın, uşaqlar!” Bundan sonra icraçı rolunu öhdəsinə götürən adamlar tapılacaq. Onlar anlayırlar ki, nəinki çeçen rəhbərliyi tərəfindən cəzalanmayacaqlar, əksinə, bu və ya digər şəkildə mükafat da alacaqlar.
Shvedov-un həyatı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı birbaşa ciddi nəticələrin olacağı istisna deyil. Bunun mütləq belə olacağını deyə bilmərəm, ancaq, bəli, Grigory təhlükəylə üz-üzədir”.
“Bunu ona görə edə bilirlər ki…”
Oleg Orlov Ramzan Kadırov-un dəfələrlə açıq şəkildə “Qafqaz qovşağı”nı düşmən aləti adlandırmasını xatırladır. Onun sözlərinə görə, Çeçenistan şəraitində, mütləq hakim Ramzan Kadırov-un insanlar haqqında belə ifadələr işlətməsi çeçen güc strukturları üçün birbaşa işarədir. Yəni bunlar “düşməndir” və onlarla “istənilən cür davranmaq olar… Bunu ona görə edə bilirlər ki, Kreml və şəxsən Putin onlara icazə verir. Onlar anlayırlar ki, törətdikləri bütün əməllər cəzasız qalacaq. Kremldən, ən uzağı, yumşaq “Vay-vay-vay, uşaqlar, bir az ağ eləmisiniz!” qəbilində tənbeh gələcək. Bundan ciddi heç bir şey olmayacaq. Yadınıza salın, cənab Putin [bu barədə] sualı necə cavablandırmışdı: “Axı siz nə istəyirsiniz?! Axı bu insanlar lap bu yaxınlarda dağdan eniblər. Bu yaxınlarda onlar dağlarda avtomatla qaçışırdılar… Uşaqlar zarafatlaşırlar. Uşaqlar bir az ağ eləyirlər və bəzi ifadələr işlədirlər”. Görünür, Kremlin qadir olduğu maksimum iş budur.
Əslində, Kreml bu rejimin ömrünü “qısaltmaq” istəmir. Niyə? Burada ciddi təhlilə ehtiyac duyan sual ortaya çıxır. Ya Kreml artıq bütün təsir imkanlarının… əldən verildiyini anlayaraq, rejimə təsir etmək, onu həqiqətən cəzalandırmaq iqtidarında deyil, ya da bunu, hər ehtimala qarşı, güc resursu kimi saxlayır və ona təsir göstərmək istəmir… Bu resursdan bu və ya digər müxalifətçi və ya ictimai xadimlərə qarşı qanunsuz şəkildə zor işlətmək olar. Düşünürəm ki, ikinci cavab daha düzgündür”, – hüquq müdafiəçisi Oleg Orlov belə deyir.