Sözüm hədəfə çatdı, Azərbaycan XİN-in cavabında… – Nikol

Sözüm hədəfə çatdı, Azərbaycan XİN-in cavabında… – Nikol

Nikol Paşinyan Azərbaycan XİN-in ötən gün yaydığı cavabı təhrif edib və öz məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərib.

AzerTimes xəbər verir ki, Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində 10 noyabrda verdiyi bəyanatın “hədəfinə çatdığı”nı iddia edib.

O qeyd edib ki, əsas məsələ Azərbaycanın 10 noyabr bəyanatındakı maddələri Ermənistanın yerinə yetirməməsi barədə ittihamıdır.

Paşinyanın sözlərinə görə, 10 noyabrda 2022-ci ildə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolla bağlı 10 noyabr 2020-ci il bəyanatına istinadla verdiyi açıqlamaya Azərbaycan XİN-in cavabı yayılıb və o cavabda “dəhliz” ifadəsi işlədilməyib:

“Bu, çox vacib məqamdır. Halbuki Azərbaycan Prezidenti hər zaman dəhlizdən danışır, Azərbaycan XİN isə cavabında “dəhliz” sözündən istifadə etməyib”.

Paşinyan deyib ki, biz yolları açmağa hazırıq, ancaq üçtərəfli bəyanatda bu yolların Ermənistan qanunlarından kənarda fəaliyyət göstərməsi haqda bircə işarə də yoxdur.

Bu, Paşinyanın növbəti riyakarlığıdır. Azərbaycan XİN-in cavabında doğrudan da “dəhliz” sözü işlədilməmişdi, 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsində deyildiyi kimi, “maneəsiz yol” ifadəsi seçilmişdi.

10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndində deyilir:

– Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

9-cu bənd:

– Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

6-cı bənddə “Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə” Azərbaycan təminat verir, 9-cu bənddə isə “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə” Ermənistan; 6-cı bənddə Laçın dəhlizi rus sülhməramlıların, 9-cu bənddə Naxçıvana maneəsiz yol isə Rusiya Sərhəd Xidmətinin nəzarətində olur; 6-cı bənddə Laçın şəhərinə toxunmayan yeni yol çəkilir, 9-cu bənddə isə Naxçıvana yeni yol çəkilir…

Azərbaycan Laçın şəhərinə toxunmadan keçən yolu artıq istifadəyə verib, Ermənistan isə öhdəliyinə hələ də əməl etməyib, Naxçıvana Zəngəzurdan keçən yol çəkilməyib.

Göründüyü kimi, 6 və 9-cu bəndin öhdəlikləri tamamilə eynidir, yalnız birində “dəhliz”, digərində “maneəsiz hərəkət” ifadələrindən istifadə edilib.

Ermənistan baş naziri “maneəsiz hərəkət” deyəndə gömrük və sərhəd nəzarətindən kənar yolun nəzərdə tutulduğunu çox yaxşı bildiyi halda, yalan danışır, riyakarlıq edir və saxtakarlığa yol verir. Başqa cür “maneəsiz hərəkət” hansı anlama gəlir – buna Paşinyanın cavabı yoxdur və ümumiyyətlə, “maneəsiz yol” ifadəsinə toxunmur da. Azərbaycan XİN-in “dəhliz” sözünü işlətmədiyini vurğulayır, ancaq bunun əvəzinə hansı ifadədən istifadə etdiyini, cavabda hansı sözün yazıldığını demir!

Maneəsiz yol – dəhliz sözünün ekvivalentidir və buna görə də “Zəngəzur dəhlizi” istilahı tamamilə yerindədir.

9-cu bənddə “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir” şərti ayrıca göstərilib. Yalnız bundan sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək maneəsiz yol tələbi qoyulub: bu, yeni yoldur, bu yolun ayrıca çəkilməsi də bəyanatda əksini tapıb.

Beləliklə, vaxtilə mövcud olmuş kommunikasiyalar açıldığı zaman Ermənistan və Azərbaycana aid yolların hər iki ölkənin yuristiksiyasında olması vacibdir, ancaq Naxçıvana gedəcək və yeni çəkiləcək maneəsiz yolun – məhz Zəngəzur dəhlizinin bu kommunikasiyalara heç bir aidiyyəti yoxdur.

Teqlər: