Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla işçi görüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Şoyqu türkiyəli həmkarına cari ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edib.
“Təhlükəsizlik şuraları xətti ilə Rusiya-Türkiyə əlaqələrinin artırılmasına hazıram. Fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalın, müdafiə naziri Güler, eləcə də uyğun vaxtda Rusiyada gözlədiyim Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Şurasının Baş katibi Hacımüftüoğluna salamlarımı çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Moskva və ya Ankarada təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edirəm”, – deyə Şoyqunun mətbuat xidməti sitat gətirir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatında dəqiqləşdiriblər ki, tərəflər təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli formatda Rusiya-Türkiyə əməkdaşlığı məsələlərini müzakirə ediblər. “Strateji bərabərhüquqlu tərəfdaşlığı, o cümlədən beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində inkişaf etdirmək niyyəti təsdiq olunub”, – məlumatda deyilib.