Şoyqu telefon söhbətində Lekornunu hədələdi – Düpüy

Şoyqu telefon söhbətində Lekornunu hədələdi – Düpüy

Fransanın müdafiə naziri Sebastyan Lekornunun rusiyalı həmkarı Sergey Şoyqu arasında ötən günlərdə baş tutan telefon danışığı Ukraynaya qarşı aparılan işğalçılıq müharibəsi kontekstində Fransa və Rusiya arasında baş verən dərin uçurumu təsdiqləyir.

Bu sözləri AzerTimes-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

Düpüy Rusiyanın son terror aktına görə Fransanın da üzərinə məsuliyyət yükləmək istədiyini bildirib:

“Söhbətin planlaşdırılan gündəliyi şübhəsiz ki, “İslam Dövləti-Xorasan vilayəti” təşkilatının Moskvada “Krokus Siti Holl”dakı terror aktından sonra Rusiya və Fransada artan təhlükələr ilə bağlı qarşılıqlı əməkdaşlığa ehtiyac təklifinə yönəldilməli idi. Lakin Prezident Makronun da açıqlamasında dediyi kimi, Şoyqu təhdid dili ilə danışmağı seçdi.

O, 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktının məsuliyyəti haqqında paranoya insanlar kimi davranaraq, özünün “yalan rəvayət”indən əl çəkməyib. Şoyqu təkidlə Ukraynanın iddia olunan məsuliyyətini şişirdib və eyni zamanda Fransanın da xəyali məsuliyyətinə daha kəskin şəkildə işarə edib. Beləliklə, bu telefon danışığı indi Fransanın Rusiya ilə əlaqələri davam etdirmək iradəsinin qarşısını almaq üçün Moskvanın hazırladığı tələyə çevrilir. Xarici işlər naziri Stefan Sejurnenin “Le Monde” qəzetinə verdiyi açıqlamada Rusiya rəsmiləri ilə danışıqların artıq ölkəsinin maraqlarına uyğun olmadığını bildirməsi də eyni prosesin tərkib hissəsidir”.

Ekspert hazırda Fransada terror təhlükəsinin ən yüksək səviyyədə olduğunu qeyd edib:

“Fransanın Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirmək qətiyyətinə görə Moskvanın Parisi hədəfə almaqda israrlı olması ölkəni qarşıda keçiriləcək Olimpiya Oyunları fonunda çox narahat edir. Lekornunun Şoyquya zəngi və “məlumat vermək vəzifəsini” yerinə yetirmək cəhdinin nəticəsi isə Rusiyanın etibarlı tərəfdaş olmayacağını təsdiqlədi”.

Teqlər: