Soyqırımı törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması labüddür – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni
şovinistlərinin soyqırım siyasətindən əziyyət çəkib. Ruanda,
Srebrenitsa, BabiYar soyqırımları kimi, Qaradağlı, Ağdaban,
Başlıbel, Xocalı soyqırımı da insanlıq əleyhinə törədilmiş ən böyük
cinayətdir.

AzerTimes-ın
məlumatına görə, bunu deputat Könül Nurullayeva deyib.

O bildirib ki, beynəlxalq hüquq normalarına görə, soyqırım
cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması
labüddür. BMT-nin soyqırımı cinayətinə dair Konvensiyada da bu
tələb yer alıb.

“Bu vaxta qədər beynəlxalq hüquq normaları yaşanan soyqırımı
cinayətlərinə tətbiq olunub. Ruanda soyqırımı zamanı 800 mindən çox
tutsi hutilər tərəfindən qətlə yetirildi. Qurbanların ümumi sayı
ölkə əhalisinin 20 faizini təşkil edirdi. 1991-1995-ci illərdə
Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 8300
bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirdi. 2007-ci
ildə Beynəlxalq Tribunal Srebneritsa hadisələrini soyqırım aktı
kimi tanıdı.

Ermənistanda isə soyqırım cinayəti dövlət səviyyəsində
dəstəklənir. Ermənistan üzv olduğu beynəlxalq konvensiya və
sazişləri kobud surətdə pozub. Ermənistan Qaradağlı, Ağdaban,
Başlıbel, Ballıqaya, eləcə də Xocalıda qanlı soyqırımı kimi ağır
cinayətləri törədib. Məhz Xocalıda soyqırımın şahidlərindən biri,
366-cı motoalayın zabitlərindən birinin də söylədiyi kimi – insanın
insana olan nifrəti burada həddini aşmışdı”, – deyə K.Nurullayeva
bildirib.

O vurğulayıb ki, BMT Baş Assambleyasının soyqırım cinayətinə
dair müvafiq Konvensiyası başda olmaqla bir çox beynəlxalq hüquqi
sənədlər, eləcə də Azərbaycan Prezidentinin “Azərbaycanlıların
soyqırımı haqqında” 1998-ci il tarixli fərmanı ermənilərin
azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq
cinayət kimi tanınmasına əsas yaradır.

“Eyni zamanda faktlar, canlı şahid ifadələri, foto və
videomateriallar da Xocalı faciəsinin soyqırım olduğunu
təsdiqləyir. Təsadüfi deyil ki, bir sıra ölkələrin parlamentləri, o
cümlədən ABŞ-ın 20-dən çox ştatı bu faciəni soyqırım kimi tanıyıb.
Beynəlxalq miqyasda Xocalı faciəsinə dair qəbul edilən sənədlər
siyasi qiymətləndirmə xarakteri daşıyır. Bu sənədlər erməni
cinayətkarlarının əsl simasının dünya ictimaiyyəti tərəfindən
tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsində Xocalı şəhidlərinin də qisası
alındı. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımın bütün
iştirakçı və təşkilatçıları hələ də tam cəzalarını almasalar da,
Xocalı cəlladları gec-tez ədalət mühakiməsi qarşısında cavab
verməli olacaq”, – deyə deputat əlavə edib.

Teqlər: