SOVQAT layihəsi çərçivəsində qida təhlükəsizliyinə dair yeni sanitariya norma və qaydaları müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində keçirilən budəfəki “Peşəkarlarla görüş” saatında “01.04.2021 tarixindən qüvvəyə minən qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar” müzakirə olunub.

AQTA əməkdaşı onlayn görüş iştirakçılarına qida təhlükəsizliyinə dair yeni qəbul edilən sanitariya norma və qaydaları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Avropa Birliyinin 852/2004 (EC) saylı “Qida məhsullarının gigiyenası” normativ sənədi, eləcə də Kodeks Alimentarius Komissiyasının CXC 1-1969 saylı “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.

Qeyd olunub ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida gigiyenasının vacib prinsiplərini müəyyənləşdirəcək və qida zəncirinin bütün mərhələsində insanlar tərəfindən məhsulların təhlükəsizliyinə və yararlılığına nail olunmasına şərait yaradacaqdır. Yeni qaydalar bir sıra prinsiplərə uyğun olaraq, qida məhsulları üzrə sanitariya norma və tələblərini müəyyən edir. Bu prinsiplər qida zəncirinin bütün mərhələsində məhsulların təhlükəsizliyinin və yararlılığının, ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi), eləcə də insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasının və qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasından ibarətdir.

Qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə yenidən hazırlanan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya norma və qaydaları”nın əhəmiyyətindən, eləcə də qida təhlükəsizliyinə dair digər yeni tələb və qaydalar barədə sahibkarlara ətraflı məlumat verilib.

Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida Təhlükəsizliyi Anlayışının Tətbiqi layihəsinin üstünlükləri barədə də məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Sonda görüş iştirakçılarının qida obyektlərinə dair gigiyena tələbləri barədə çoxsaylı sualları AQTA və AQTİ-nin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.

Teqlər: