Sovqat gətirdiyini deyib oğurluq üçün evlərə daxil olan “kuryer” saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə
yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən
sovqat gətirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, daha
sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman
zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən
naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə
də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə
yerindən qaçıb. Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon
sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə
zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami
Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə
şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov
saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar
araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin
İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam
edirilir.


Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də
istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə,
habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial
şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Teqlər: