Sovet dövründə kitab oxuyanların yalanları

Sovet dövründə kitab oxuyanların yalanları

Baxmayaraq ki, Azərbaycan müstəqil bir dövlətdir, hələ də düşüncə olaraq əsarətdən çıxmayıb. Hansı ki, bu təfəkkürün – Sovet düşüncəsinin ziyanı var, xeyri yoxdur. Sovet dövrünün mifləri isə heç cür bitib tükənmək bilmir.

Məsələn, bunlardan biri də “Sovet vaxtı hamı kitab oxuyurdu” düşüncəsidir. Bu düşüncə yanlışdırmı? Əlbəttə ki, xeyr. Bəs yanlış olan nədir?!

Sovet dövrünü görən adamların hələ də yaşadığını nəzərə alsaq, məhz hazırda kitab oxumayan kəsimin də onlar olduğunu görmək mümkündür. Təkcə bu fakt kifayət edir ki, həm Sovet təhsil sisteminin astar funksiyası daşıdığını görək, həm də dağılandan sonra çox məsələdə mənasız olduğunu. Əlbəttə, ola bilər ki, dövr romantikləri, Sovetin yeməyini, yağ-balını sevənləri, daxildəki məcburi köləlikdən çıxa bilməyənləri bunları qəbul etməsin. Lakin fakt faktdır.

Məlumdur ki, Sovet dövründə kitablar yüksək tirajla çıxırdı və hamı da “oxuyurdu”. Nə dəyişdi? Zaman? Əlbəttə, bunlar da dərin anlamda bəhanədir. Sovetin kitab, təhsil sistemi bəlliydi: konyuktur və tərənnüm. Heç bu baxımından oxuyanlar da çox da ciddi nələrsə oxuya bilməyib.

Mümkün deyil ki, hər gün səmimi şəkildə qəzet, jurnal, kitab oxuyan adamlar sistem dəyişən kimi kitabdan, oxumaqdan əl çəksinlər. Necə ola bilər ki, bir adam uşaqlıqdan böyüyənə qədər kitab oxusun və birdən-birə bu vərdişi dayandırsın?

Əlbəttə, səbəb çox sadədir. Azərbaycanlılar kitaba heç vaxt səmimi şəkildə bağlanmayıb, onlar buna birmənalı şəkildə məcbur edilib. Kitab oxumaq formal xarakter daşıyıb, o kitablar çox zaman vərəqlənib, göz gəzdirilib. Yəni, mənimsənilməyib.

Üstəlik, bu gün mental, qeyri-funksional, inkişaf edə bilməmiş düşüncənin adamları da əksərən sovetçilərdir. O da mümkün deyil ki, bu qədər kitab oxuyan adamlar inkişaf edə bilməsinlər.

Zamanın digər təsirlərini – texnoloji inkişafı, əlifba dəyişimini – nəyi çıxırıqsa çıxaq, mümkün deyil. Milyonlarla tirajlar, milyonların oxuması yüz neçələrə düşə bilməzdi. Bu isə birinci növbədə sistemin çox da mükəmməl olmamasını, sonra da azərbaycanlıların kitaba münasibətinin göstəricisidir.

Bəlkə də bu söhbətlər sonuncu Sovet adamı öləndə bitəcək, bəlkə də bu romantika heç zaman öləziməyəcək, amma istənilən halda kitaba qayıtmaq lazımdır.

Teqlər: