Sosial yardım alanlar kəskin azaldı – Səbəb

Sosial yardım alanlar kəskin azaldı – Səbəb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, ötən il də sosial yardım alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub:

“Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu, daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub.

Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır. Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda, o, yardıma müraciət etmək hüququna malik olmur. Halbuki daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir.

Bütövlükdə son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir”.

Teqlər: