Xəbər - Samir Əli – Trend:
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyta keçirən 27 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında bərpası mümkün olmayan fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Təəssüf doğuran haldır ki, bu bəlaya ilk olaraq gənclər və yeniyetmələr yoluxur. Narkotik maddə alverçiləri bu yaş kateqoriyasına aid olan insanları asanlıqla öz girovlarına çevirməyə nail olurlar.
Dünya miqyasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınması istiqamətində ciddi addımlar atılsa da, “ağ ölümün” daha geniş miqyasda yayılmasının metodları günbəgün yenilənir. Xüsusən 20-ci yüzilliyin sonu 21-ci əsrin əvvəllərindən başlayaraq yaşanan elmi texniki tərəqqi gənclərin kütləvi şəkildə texnoloji yeniliklərə maraq göstərməsi bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də, narkotik vasitələrin də zaman məkan anlayışı tanımadan geniş relyefdə yayılmasına yol açılıb. Xüsusən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər qısa zaman ərzində psixoloji problemləri olan, düzgün tərbiyə üsulları ilə böyüməyən və sonda sosial şəbəkələrə üz tutan gənc nəslin “əməyindən” öz çirkin əməlləri üçün istifadə edirlər. Belə olan halda qeyd edilən tip insanlar narkotiklərin satışı ilə məşğul olan şəxslərin sosial şəbəkələrdə onlara narkokuryerlik etmək təklifini asanlıqla qəbul edirlər.
Ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Qeyd edilməlidir ki, rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatları əsasında silsilə tədbirlər həyata keçirilib. Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.
Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerkliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.
Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübüt edən yazışmalar, eləcə də, Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyən edilib. Həmin məkanlara Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilən zamanı külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli təsiredici dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkərə məxsus mobil nömrələr və sair sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.
İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.