Xəbər - Fərid Zöhrabov – Trend:
Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.
Bunu Trend-ə psixoloq Gülər Məmmədova deyib.
O bildirib ki, bir çoxumuz istəsək də, istəməsə də, sosial şəbəkələrsiz qala bilmirik.
“İstifadəçilər əsasən “Facebook”, “Twitter”, “İnstagram”, “Tiktok”, “Vkontakte”, “Odnoklassniki” kimi platformalardan istifadə edir. Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri var. Bu gün sosial şəbəkələr vasitəsilə bizi maraqlandıran xəbərləri asanlıqla əldə edə bilir, elmi yeniliklərlə, yeni iş yerləri ilə bağlı məlumat əldə etmək, hətta pul qazanmaq mümkündür. Dost-tanışlarımızla ünsiyyəti genişləndirə, yeni tanışlıqlar yarada bilirik. Burada özünə virtual dostlar, tanışlar hətta sevgi tapanlara da rast gəlirik.”
Psixoloq qeyd edib ki, sosial şəbəkələrdən istifadənin mənfi nəticələrinə də rast gəlirik.
” Belə ki, beş dəqiqə üçün daxil olduğun sosial şəbəkəə saatlarla qalırsan. Bu da insanın həm vaxtını alır, həm də real həyatdan uzaqlaşmasına gətirib çıxardır. Bu da sonralar psixoloji problemlər yaradır. Əvvəlcə asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Bunlarla yanaşı sosial şəbəkələrdə rastlaşdığımız narkotik və müxtəlif dini cərəyanların təbliği mənfi hallardandır. Çalışmaq lazımdır ki, hər bir işin xeyir olan tərəfindən istifadə edək”, – deyə o bildirib.