Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlığın inkişafı və təlim mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və aktiv layihələr barədə məlumat verib. Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, məqsədli proqramlar, peşə hazırlığı və peşəyönümü məsləhəti, özünüməşğulluq proqramı barədə müzakirələr aparılıb.
Görüşdə sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması istiqamətində görülən işlər, bu məqsədlə yaradılacaq işçi qrupunun fəaliyyəti zamanı əməkdaşlıq imkanları dəyərləndirilib və ilkin razılıq əldə edilib.