Sosial-psixoloji xidmət dairəsini genişləndirməliyik – Bahar Muradova

Xəbər - Samir Əli – Trend:

Çox təəssüf ki, cəmiyyətdə zorakılıq hadisələri və gizli gedən proseslərlə bağlı insanların sosial-psixoloji xidmətlərdən istifadəsi az olur.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bu prosesin səbəblərini də açıqlayıb: “Bunun bir neçə səbəbi var. Bu, milli mənəvi dəyərlər və məsələyə fərqli baxışa bağlıdır. Bu sahədə xidmətin dairəsini genişləndirməli və bu prosesə bütün cəmiyyət olaraq qoşulmalıyıq. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu kimi hadisələrin nəticəsi cəmiyyətə çatır və ağır nəticələnir”.


B.Muradova bildirib ki, intiharlara bağlı rəqəmlər yüksəkdir: “Ölkədə təkcə erkən nikah deyil, bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narazılıq, narahatlıq doğurur. Bəzən dərdini açıq demək, harada şikayət etmək ənənəsini normal qəbul etmirlər. Heç kim bu məsələlərə biganə qalmamalıdır. Bu məsələlər yalnız bizim komitənin nəzarətində deyil. Daşlaşmış stereotipləri müasir cəmiyyətin tələbi ilə dəyişmək lazımdır. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmirik. Son dövrlər bu vəziyyətin dünya üzrə acınacaqlı olmasının səbəbi var. Bu, pandemiya ilə bağlıdır. Həmçinin müharibədən çıxmış ölkə kimi onun doğurduğu psixoloji, sosial və digər çətinliklər var ki, bəzi insanların psixoloji durumu buna dözməyə imkan vermir”.

Teqlər: