İran Qasım Süleymani sui-qəsdinə Ukrayna sərnişin təyyarəsini vuraraq cavab verdi. Əvvəlki təcrübələri nəzərə alsaq, indi də İranın lazımi cavab verə biləcəyini düşünmürəm.
AzerTimes xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Mete Sohtaoğlu İranda baş verən terror aktını şərh edərkən deyib.
Onun sözlərinə görə, İranın bu məsələlərə baxışı Qərbdən fərqlidir:
“İran hadisələrə Qərb kimi yanaşmır, ondan öz mənfəətlərinə uyğun şəkildə daxili və regional siyasətdə təsirini artırmaq üçün necə istifadə edəcəyi haqqında düşünür. Ona görə ölənlərin sayı üzərindən özünə hədəf təyin edəcək. Hətta Pakistanı, regional siyasətə uyğun şəkildə İsraili də hədəf göstərə bilər”.
Sohtaoğlu rəsmi Tehranın teraktdan dövlətin öz nüfuzunu bərpa və cəmiyyətdə birliyi təmin etmək üçün istifadəyə çalışacağını, lakin bunun mümkün olmayacağını bildirib:
“90 gündə İran video və poster yayımlamaqdan, özünə bağlı Livan Hizbullahı tərəfindən atılan raketlərdən başqa heç nə etmədi. Ona görə, bir şey edə bilməməyin əzikliyi ilə tənqidlər qarşısında bundan istifadə etməsi mümkündür. Hadisədən kimə qarşı istifadə ediləcəyi bəlli olmasa da, Tehran və ölkə küçələrində ilk növbədə İsrail, ikinci növbədə ABŞ lənətləndi. Etirazlar bu ölkələrə qarşı istiqamətləndirilir. Qəzza məsələsi ilə bərabər, əgər xatırlayırsınızsa, İran küçələrində sosial etirazlar var idi. Rəsmi Tehran etirazları hansısa bir formada yatırtdı və onlar kəsildi. Mən 2024-cü ildə Əli Xameneinin də səhhətindəki problemlərlə əlaqədar vəzifəsini buraxacağını, dini lider dəyişikliyi olacağını düşünürəm, etirazların davam edəcəyini proqnozlaşdırıram. Nəticə etibarilə bu hadisə də İsrail və ABŞ-ın hücumu üzərindən İranda cəmiyyəti konsolidasiya etmək üçün yararlı deyil. Çünki texnologiyanın inkişafı ilə birlikdə yoxsulluq içində və embarqolar altında olan İran xalqı öz pulunun İraq, Suriya, Yəmən, Livan və Afrikanın bəzi ölkələrində xərclənməsindən xeyli şikayətçidir. Buna görə mən İran xalqının bu məsələdən ayrı şəkildə iqtisadi sıxıntı və təzyiqlər səbəbindən küçələri dolduracağına inanıram”.