Sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub – Sahil Babayev

Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz ilə Azərbaycan
Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad
olunmasından sonra həyata keçirilən siyasətin əsas
istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını
itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən
müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına
dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə Sizin
tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə
aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min
unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur”.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

“Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni
zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən xüsusi
olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman,
sərəncamlarınızla 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan
insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə
görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır.
Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş
təyin olunmuşdur.

Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri
olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə
məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq
proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə
təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət
isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki,
burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə
sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində
yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və
müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli
istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı
məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və
müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200
mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin
sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin
təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə
növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra
bu proses daha da sürətlənəcəkdir.

Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində
Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan
olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu
rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin
genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin
sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu
kateqoriyadan olan insanlarımızın həyat şəraitinin
yaxşılaşdırılması üçün çox önəmlidir.

Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu
çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik
tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi
olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu
günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə
olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min
reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra
olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən
müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb
ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların
müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra
məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında
Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən
Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı – həm DOST
mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional
filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid
Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15
rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən
6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız – şəhid
ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6 müxtəlif
mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti
orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə
təqdim olunur”, – əmək və əhalinin sosial müdafiəsi naziri
vurğulayıb.

Teqlər: